Avropa Komissiyası qanunsuz malların satışı ilə mübarizədə qeyri-kafi tədbirlər gördüyünə görə Çinin elektron ticarət platforması "AliExpress"ə 550 milyon avro məbləğində cərimə tətbiq etdiyini açıqlayıb. "Financial Times" qəzetinin qeyd etdiyi kimi, bu, Avropanın Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində tətbiq edilən ən böyük sanksiyadır.
DSA qanunu ən böyük onlayn platformaların üzərinə bu növ riskləri aşkar etmək və onların minimuma endirilməsi üçün effektiv tədbirlər görmək öhdəliyi qoyur. "AliExpress"in qanun pozuntusu ilə bağlı araşdırma 14 mart 2024-cü il tarixindən bəri davam edir. Brüsselin qənaətinə görə, platforma kontrafakt (saxta) və potensial olaraq təhlükəli məhsulların yayılmasına lazımi nəzarəti təmin etməyib.
"Saxta geyimlərin, təhlükəli oyuncaqların, zərərli kosmetik vasitələrin və digər qanunsuz və ziyanlı malların yayılması onlayn alış-verişin qaçılmaz bir xərci deyil, "AliExpress"in Rəqəmsal Xidmətlər Aktı çərçivəsində öz öhdəliklərinə əməl etməməsinin nəticəsidir. Platformanın miqyası bəraət qazandıra bilməz; istehlakçıların internetdə təhlükəsiz şəkildə alış-veriş edə bilməsi üçün risklər sistematik olaraq aşkar edilməli və aradan qaldırılmalıdır", — deyə Aİ-nin texnologiyalar üzrə komissarı Henna Virkkunen bildirib.
Komissiya cərimə məbləğini hesablayarkən Rəqəmsal Xidmətlər Aktının yeni qanunvericilik aktı olmasını "AliExpress"in xeyrinə çıxış edən yüngülləşdirici hal kimi də nəzərə alıb.
İndi "AliExpress" oktyabr ayının sonunadək Avropa Komissiyasına fəaliyyət planı təqdim etməlidir. Həmin planda şirkətin platformasında qanunsuz malların satışı risklərini necə qiymətləndirəcəyi və azaldacağı ətraflı şəkildə izah olunmalıdır. Əks təqdirdə, Avropa İttifaqı şirkətə əlavə olaraq onun qlobal illik dövriyyəsinin 6%-nə qədər həcmdə dövri cərimə tətbiq edə bilər.
MONETAR.AZ