Büdcəyə ən çox xeyir verən banklar

Büdcəyə ən çox

 2026-cı ilin yanvar-iyun ayları üzrə bankların mənfəət vergisi göstəriciləri sektorun maliyyə vəziyyətini, bankların gəlirlilik səviyyəsini və bazardakı mövqeyini əks etdirir. Rəqəmlərin təhlili göstərir ki, bank sektorunda həm rekord həcmdə vergi ödəyən, həm də ümumiyyətlə mənfəət vergisi ödəməyən banklar var. Vergi hesabatında diqqət çəkən əsas məqamları təqdim edirik.

İki nəhəng büdcəyə ödənilən mənfəət vergisinin əsas hissəsini formalaşdırıb

Siyahıya əsasən, bank sektorunda vergi yükünün böyük hissəsi Kapital Bank və ABB-nin üzərinə düşür. Kapital Bank hesabat dövründə 58,555 milyon manat, ABB isə 49,015 milyon manat mənfəət vergisi ödəyib. Beləliklə, hər iki bank birlikdə dövlət büdcəsinə təxminən 107,57 milyon manat vəsait köçürüb. Bu isə 21 bank üzrə ödənilən ümumi mənfəət vergisinin (171,14 milyon manat) 62,8 faizindən çoxunu təşkil edir. Xüsusilə Kapital Bankın mənfəət vergisinin illik müqayisədə 55,8 faiz artması bankın bazardakı mövqeyinin daha da möhkəmləndiyini göstərir.

Ən yüksək artım "Yapi Kredi Bank Azerbaijan" və "Azər-Türk Bank"da qeydə alınıb

Vergi məbləğinə görə ilk sıralarda yer almasalar da, artım tempinə görə iki bank diqqət çəkir. "Yapi Kredi Bank Azerbaijan" mənfəət vergisini ötən ilin eyni dövrü ilə müqayisədə 79,3 faiz artıraraq 1,589 milyon manata çatdırıb və bu göstərici ilə sektorun lideri olub. Dövlət bankı olan "Azər-Türk Bank" isə 65,7 faizlik artımla 2,569 milyon manat mənfəət vergisi ödəyib. Bu dinamika hər iki bankın hesabat dövründə maliyyə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını göstərir.

Bəzi iri banklarda mənfəət vergisi azalıb

Sektorun aparıcı banklarından olan PASHA Bank və Xalq Bankda isə fərqli dinamika müşahidə olunur. PASHA Bank 20,376 milyon manat mənfəət vergisi ödəyərək ilk üçlükdə qalsa da, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalıb. Xalq Bank isə 7,044 milyon manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisədə 23,6 faizlik azalma deməkdir. Vergi ödənişlərinin azalması mənfəətin aşağı düşməsi, əməliyyat xərclərinin artması, kredit portfeli üzrə ehtiyatların artırılması və digər maliyyə amilləri ilə bağlı ola bilər.

Reytinqin maraqlı məqamlarından biri də altı bankın hesabat dövründə dövlət büdcəsinə mənfəət vergisi ödəməməsidir. AFB Bank, Bank Eurasia, Bank Melli Iran-Baku, Premium Bank, Rabitabank üzrə bu göstərici 0 olub. Bu isə mütləq həmin bankların zərərlə işlədiyi anlamına gəlmir. Belə vəziyyət əvvəlki illərdən qalan maliyyə zərərlərinin gələcək mənfəətdən çıxılması və ya vergi qanunvericiliyində nəzərdə tutulan digər mexanizmlərlə bağlı ola bilər.

Reytinqdə ən qeyri-adi nəticə VTB Bank Azerbaijan tərəfindən qeydə alınıb. Bank üzrə mənfəət vergisi mənfi 0,612 milyon manat təşkil edib. Mənfi vergi göstəricisi adətən əvvəlki dövrlərdə artıq ödənilmiş vergilər üzrə düzəlişlər, vergi qaytarılması və ya təxirə salınmış vergi aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində formalaşır.

MONETAR.AZ