Cənubi Afrika Respublikası infrastrukturun modernləşdirilməsi və məşğulluğun artırılması məqsədilə Dünya Bankından 1,5 milyard ABŞ dolları həcmində kredit cəlb edib. Maliyyə vəsaiti ölkənin iqtisadi artımını uzun illər məhdudlaşdıran struktur problemlərinin aradan qaldırılmasına yönəldiləcək.
Bu, Dünya Bankının 2022-ci ildən bəri Cənubi Afrikaya inkişaf proqramları çərçivəsində ayırdığı dördüncü kreditdir. Yeni maliyyələşdirmə nəqliyyat və enerji infrastrukturunun yenilənməsini sürətləndirməklə yanaşı, özəl investisiyaların cəlb edilməsinə və iqtisadi fəallığın artırılmasına xidmət edəcək.
Dünya Bankının qiymətləndirməsinə əsasən, kredit hesabına həyata keçiriləcək elektroenergetika və nəqliyyat sektorlarındakı islahatlar 2032-ci ilədək təxminən 600 min yeni iş yerinin yaradılmasına imkan verə bilər. Bunun 280 mininin artıq gələn il formalaşacağı proqnozlaşdırılır.
Qurumun açıqlamasında bildirilir ki, yeni maliyyələşdirmə artıq müsbət nəticələr verməyə başlayan islahatların davamı xarakteri daşıyır. Bankın məlumatına görə, ölkədə elektrik enerjisinin növbəli kəsintiləri son ilyarım ərzində faktiki olaraq aradan qalxıb, bərpa olunan enerji layihələrinə özəl investisiyalar altı dəfə artıb, dəmir yolu və limanlar vasitəsilə daşınan yüklərin həcmi isə 2023-cü ildən bəri 50%-dən çox yüksəlib.
Uzun illər Cənubi Afrika iqtisadiyyatının əsas problemlərindən biri hesab olunan planlı elektrik kəsintilərinin əhəmiyyətli dərəcədə azalması Prezident Siril Ramafosanın təşəbbüsü ilə dövlət enerji sektorunda aparılan islahatların mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, enerji təminatındakı sabitlik ölkənin investisiya cəlbediciliyini artırmaqla yanaşı, iqtisadi artım üçün də daha əlverişli şərait formalaşdırır.
MONETAR.AZ