Çin Mərkəzi Bankı baza kredit dərəcələrini dəyişmədi

Çin Mərkəzi Bankı baza kredit

Çin Xalq Bankı (Mərkəzi Bank) baza kredit dərəcələrini ardıcıl 14-cü ay dəyişməz saxlayıb. Qərar bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb və ölkə tənzimləyicilərinin iqtisadiyyatdakı qeyri-bərabər bərpa fonunda pul-kredit siyasətində sabitliyi qorumağa üstünlük verdiyini göstərib.

Qərara əsasən, 1 illik baza kredit dərəcəsi (LPR) 3,00%, 5 illik LPR isə 3,50% səviyyəsində saxlanılıb. Beşillik göstərici ölkədə ipoteka kreditləri üçün əsas istinad dərəcəsi hesab olunur.

Analitiklər bildirirlər ki, Çin iqtisadiyyatı son aylarda fərqli istiqamətlərdə inkişaf edir. Xarici tələbin dəstəyi ilə ixrac və sənaye istehsalı nisbətən dayanıqlı qalsa da, daxili istehlak və daşınmaz əmlak sektoru hələ də zəif dinamika nümayiş etdirir. Bu səbəbdən iqtisadçılar mövcud vəziyyəti "K-şəkilli bərpa" kimi xarakterizə edirlər.

Mərkəzi Bank isə genişmiqyaslı monetar stimullaşdırmadan yayınaraq, maliyyə sistemində likvidliyi mülayim səviyyədə saxlamaq strategiyasını davam etdirir.

Çində baza kredit dərəcəsi hər ay Çin Xalq Bankının sorğusuna cavab verən 20 aparıcı kommersiya bankının təqdim etdiyi faiz təklifləri əsasında müəyyənləşdirilir.

Qeyd edək ki, 1 illik LPR əsasən korporativ və istehlak kreditləri üçün baza göstəricisi hesab olunur, 5 illik LPR isə ipoteka kreditlərinin faiz şərtlərinin formalaşdırılmasında əsas rol oynayır.

MONETAR.AZ