Türkiyədə lirənin daha sürətli ucuzlaşması gözlənilir

Türkiyədə lirənin daha sürətli

"Goldman Sachs" investisiya bankı Türkiyənin yaxın dövrdə valyuta siyasətində yeni mərhələyə keçəcəyini proqnozlaşdırır. Bankın iqtisadçıları hesab edirlər ki, Ankara inflyasiya ilə mübarizədən daha çox xarici balansın qorunmasına üstünlük verəcək və bunun nəticəsində lirənin ucuzlaşma tempi sürətlənəcək.

Bankın iqtisadçıları Klemens Qrafe və Başak Edizgilin hazırladığı hesabatda qeyd olunur ki, yeni yanaşma inflyasiyanın azalmasını ləngidə bilsə də, lirənin ABŞ dollarına qarşı illik təxminən 20% dəyər itirməsi əsas ssenari kimi qiymətləndirilir.

Analitiklərin fikrincə, maliyyə sabitliyinin qorunması ölkədə dedollarlaşma prosesinin davam etməsindən asılıdır. Bu isə o deməkdir ki, lirənin daha sürətlə ucuzlaşması fonunda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı faiz dərəcələrini bazarın gözləntilərindən daha yüksək səviyyədə saxlamağa məcbur qala bilər. Hazırda ölkədə birhəftəlik repo dərəcəsi 37% təşkil edir və növbəti faiz qərarı Pul-kredit Siyasəti Komitəsinin cümə axşamı keçiriləcək iclasında açıqlanacaq.

Son iki ildə Türkiyənin inflyasiya ilə mübarizə strategiyasının əsas elementlərindən biri lirənin real ifadədə möhkəmlənməsi idi. Bu model çərçivəsində milli valyuta qiymət artımından daha yavaş dəyər itirirdi ki, bu da idxal inflyasiyasının təsirini müəyyən qədər məhdudlaşdırırdı. Lakin ilin əvvəlindən etibarən lirə dollar qarşısında təxminən 9% ucuzlaşıb, istehlak qiymətləri isə ilk altı ay ərzində 17%-dən çox artıb. İyun ayında illik inflyasiya 32,1% səviyyəsində qeydə alınıb.

Hesabatda Türkiyənin xarici ticarətdə üzləşdiyi struktur problemlərə də diqqət çəkilir. Bankın qiymətləndirməsinə görə, ölkə aralıq məhsullar bazarında mövqelərinin bir hissəsini Çinə uduzub, Mərkəzi və Şərqi Avropa ölkələri isə Avropa bazarında istehlak malları ixracı üzrə Türkiyənin payını artıraraq rəqabəti gücləndiriblər. Analitiklər hesab edirlər ki, kapital malları və müdafiə sənayesi məhsullarının ixracında müşahidə olunan artım hələlik bu itkiləri tam kompensasiya etmək üçün kifayət etmir.

MONETAR.AZ