Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 8,5 milyona yaxın sərnişin daşınıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Hesabat dövründə Abşeron dairəvi dəmir yolu marşrutlarından 8 milyon sərnişin istifadə edib. Bu istiqamətdə sərnişindaşımada illik artım 18 faiz təşkil edib.
Rayonlararası dəmir yolu marşrutları üzrə isə 433 min sərnişin daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb.
Beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu üzrə də sərnişin axını qeydə alınıb. Belə ki, yanvar-sentyabr aylarında bu marşrutdan 75,5 mindən çox sərnişin istifadə edib.
Bundan əlavə, sentyabr ayında ADY üzrə ümumi sərnişindaşımada illik müqayisədə 24 faizlik artım qeydə alınıb.