“Bloomberg” agentliyinin məlumatına görə, “Boeing Co” aviasiya konserni 737 MAX 10 təyyarəsinin sertifikasiyası prosesində mühüm mərhələyə yaxınlaşıb. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) şirkətin ən böyük dar gövdəli təyyarə modeli üçün rəsmi sertifikasiya icazəsini təsdiqləməyə hazırlaşdığı bildirilir.
Bu istiqamətdə irəliləyiş dünən FAA və “Boeing” nümayəndələrinin iştirakı ilə keçirilən hava gəmisinin tip sertifikasiyası komissiyasının iclasından sonra mümkün olub. Rəsmi qərarın gələn həftə açıqlana biləcəyi gözlənilir.
Gözlənilən sertifikasiya “Boeing”in Avropa rəqibi “Airbus SE” ilə rəqabətdə mövqelərini gücləndirmək cəhdləri baxımından əhəmiyyət daşıyır.
737 MAX 10 modeli yüksək sərnişin tutumu ilə seçilir. Aviaşirkətlər bu təyyarəni köhnəlmiş “Boeing 757” parkının əvəzlənməsi üçün mümkün variantlardan biri kimi nəzərdən keçirirlər. Model həmçinin “Boeing”in MAX ailəsində ən böyük modifikasiya olmaqla “Airbus A321neo” ilə birbaşa rəqabət aparmaq üçün hazırlanıb.
Təyyarənin sertifikasiyasının tamamlanması şirkətin maliyyə vəziyyəti baxımından da mühüm əhəmiyyət kəsb edir. MAX 10-un kütləvi tədarükünə başlanılması “Boeing”in əməliyyat pul axınlarını artırmaq üçün əlavə imkan yarada bilər.
Yeni təyyarələrin satışından əldə ediləcək vəsaitin şirkətin son illərdə formalaşmış borc yükünün azaldılmasına və uzunmüddətli dövrdə pul axınlarının sabitləşdirilməsinə töhfə verməsi gözlənilir.
MONETAR.AZ