Qusar rayonunda leysan yağışları və güclü sel nəticəsində zərər görmüş yol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.
AAYDA-dan AZƏRTAC-a verilən məlumata görə, Qusar–Əniq–Laza avtomobil yolunun 45-ci kilometrində dörd suötürücü borunun və yolun hərəkət hissəsinin bərpası, həmçinin iki ərazidə yeni körpülərin tikintisi həyata keçirilir.
İşlər çərçivəsində yolun dayanıqlığının artırılması, sel və yağış sularının təhlükəsiz ötürülməsi, eləcə də gələcəkdə mümkün yuyulma və dağılma hallarının qarşısının alınması məqsədilə müasir mühəndis həlləri və qabaqlayıcı tədbirlər tətbiq olunur.
Dağlıq relyefə malik ərazidə həyata keçirilən layihə yolun istismar etibarlılığının yüksəldilməsinə və nəqliyyat əlaqələrinin fasiləsizliyinin təmin edilməsinə yönəlib. Bərpa işlərinin yerli sakinlərin və bölgəyə səfər edən turistlərin rahat və təhlükəsiz hərəkətinə şərait yaratması nəzərdə tutulur.
Qeyd edək ki, leysan yağışları və selin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.