Rusiya Azov-Qara dəniz hövzəsində gəmiçiliyin təhlükəsizliyini gücləndirmək və alternativ yük marşrutlarını inkişaf etdirmək istiqamətində yeni tədbirlər həyata keçirdiyini açıqlayıb. Bu barədə Reuters məlumat yayıb.
Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasına görə, Azov dənizində dəniz gəmilərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların artması fonunda yeni logistika marşrutlarının müəyyənləşdirilməsi və yük axınlarının digər nəqliyyat növlərinə yönəldilməsi məqsədilə xüsusi işçi qrupu yaradılıb.
Nazirlik bildirib ki, bir sıra stividor şirkətləri öz imkanları çərçivəsində əlavə yük həcmlərini qəbul etməyə və terminallarda yükləmə əməliyyatlarının sürətini artırmağa hazır olduqlarını bəyan ediblər.
Qurumun məlumatına görə, Müdafiə Nazirliyi ilə birlikdə Azov-Qara dəniz hövzəsində gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və ticarət gəmilərinin mühafizəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülür.
Rusiya dünyanın ən böyük buğda ixracatçılarından biri, Ukrayna isə əsas kənd təsərrüfatı məhsulları ixracatçılarından hesab olunur. Son həftələrdə tərəflərin Qara dəniz regionunda limanlara, ixrac infrastrukturuna və ticarət gəmilərinə qarşı həyata keçirdiyi hücumlar qlobal taxıl bazarında qiymət artımı ilə bağlı narahatlıqları gücləndirib.
Rusiyanın aparıcı taxıl sənayesi assosiasiyası cümə günü bəyan edib ki, Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya limanları və gəmilərinə hücumları yaxın perspektivdə Qara dəniz vasitəsilə taxıl ixracını ciddi şəkildə poza bilər. Assosiasiyanın qiymətləndirməsinə görə, bu vəziyyət dünya bazarında taxıl qiymətlərinin yüksəlməsinə, xüsusilə Afrika və Yaxın Şərq ölkələrində ərzaq təhlükəsizliyi risklərinin artmasına səbəb ola bilər.
Ukraynanın ən böyük fermerlər birliyi UAC isə daha əvvəl Rusiyanın Odessa limanı yaxınlığında gəmiçiliyə endirdiyi zərbələrin məhsul yığımı mövsümündə ölkənin ixrac imkanlarını məhdudlaşdırdığını və qlobal ərzaq tədarükünə mənfi təsir göstərdiyini bildirmişdi.
MONETAR.AZ