"iPhone" istifadəçiləri "iOS 26.5.2" yeniləməsini quraşdırdıqdan sonra cihazlarda batareyanın daha sürətlə boşalması və həddindən artıq qızma problemlərinin yarandığını bildirirlər. "PhoneArena" portalının məlumatına görə, yeni əməliyyat sistemi versiyası yayımlandıqdan qısa müddət sonra sosial şəbəkələrdə və ixtisaslaşmış forumlarda çoxsaylı şikayətlər paylaşılmağa başlanıb.
İstifadəçilərin sözlərinə görə, "Apple" tərəfindən kritik təhlükəsizlik boşluqlarını aradan qaldırmaq məqsədilə təqdim edilən "iOS 26.5.2" gündəlik istifadə zamanı enerji sərfiyyatını artırır və cihazların əvvəlki versiyalarla müqayisədə daha çox qızmasına səbəb olur. Bu problemlə bağlı məlumatlar şirkətin ən yeni flaqman modellərinin sahiblərindən də daxil olub.
Bəzi istifadəçilər problemin müvəqqəti həllini "iOS 27"-nin beta versiyasına keçməklə tapdıqlarını bildiriblər. Onların sözlərinə görə, sınaq versiyasında həddindən artıq qızma müşahidə olunmur. Bununla belə, problemin nə qədər geniş yayıldığı hələlik məlum deyil və "Apple" məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Mütəxəssislər bildirirlər ki, əməliyyat sisteminin böyük yeniləmələrindən sonra yüksək enerji sərfiyyatı bəzi tətbiqlərin yeni proqram təminatı ilə tam uyğun işləməməsindən qaynaqlana bilər. Xüsusilə arxa planda intensiv fəaliyyət göstərən sosial şəbəkə və digər populyar tətbiqlər bu cür hallara səbəb ola bilər.
Ekspertlər istifadəçilərə "Parametrlər" → "Batareya" bölməsində enerji sərfiyyatını yoxlamağı və ən çox enerji istifadə edən tətbiqləri müəyyən etməyi tövsiyə edirlər. Problem proqram təminatından qaynaqlanırsa, tətbiqlərin və ya "iOS" əməliyyat sisteminin növbəti yeniləmələrinin enerji sərfiyyatı və qızma problemini aradan qaldıracağı gözlənilir.
MONETAR.AZ