2025-ci ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 648,9 ABŞ dolları təşkil edib. Bu göstərici təqdim olunan MDB ölkələri arasında Rusiyadan, Moldovadan, Belarusdan və Qazaxıstandan aşağı olub.
Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə MDB ölkələri arasında ən yüksək orta aylıq nominal əməkhaqqı Rusiyada – 1 220,1 dollar olub.
Sonrakı yerlərdə Moldova – 890,7 dollar, Belarus – 874,1 dollar, Qazaxıstan – 849,9 dollar və Ermənistan – 783,3 dollar qərarlaşıb.
Azərbaycanın 648,9 dollarlıq göstəricisi isə bu ölkələrdən aşağıdır. Bununla belə, Azərbaycan Qırğızıstan (485,1 dollar), Özbəkistan (411,7 dollar) və Tacikistanı (275,5 dollar) qabaqlayıb.
2025-ci ildə Azərbaycanın orta aylıq nominal əməkhaqqı 2024-cü illə müqayisədə 55,1 dollar və ya 9,3 faiz artıb.
Maraqlı məqam odur ki, 2020-ci ildə Azərbaycanda orta maaş 416,3 dollar olduğu halda, 2025-ci ildə 648,9 dollara yüksəlib. Beləliklə, beş il ərzində dollar ifadəsində orta əməkhaqqı 232,6 dollar və ya 55,9 faiz artıb.
2025-ci ildə Azərbaycanla ən yüksək göstəriciyə malik Rusiya arasında orta aylıq əməkhaqqı fərqi 571,2 dollar təşkil edib.