Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirir.
Prezidentin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Strategiyanın 1-3-cü bəndlərində nəzərdə tutulan tədbirlər üzrə DİM əsas icraçı qurum olaraq müəyyənləşdirilib. Bu çərçivədə 2026-cı ilin sonunadək Azərbaycanın bütün regionlarında dövlət qulluqçularının təlimlərə cəlb olunması nəzərdə tutulur.
Oktyabrın 6-dan başlayan növbəti təlimlər 9 oktyabradək Hacıqabul, Saatlı və Sabirabad rayonlarında, eləcə də Şirvan şəhərində keçirilir.
Təlimlər çərçivəsində DİM əməkdaşları tərəfindən dövlət qulluqçuları üçün “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Ünsiyyət bacarıqlarının inkişafı” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında məşğələlər təşkil olunub.
İştirakçılara mövzular üzrə məlumatlar təqdim edilib, müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Təlimlərin ilin sonunadək Azərbaycanın digər şəhər və rayonlarında da davam etdirilməsi planlaşdırılır.