Bu gün Azərbaycanın bir sıra rayonlarında bələdiyyə torpaqlarının satışı və icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək. Hərraca ümumilikdə 19 torpaq sahəsi çıxarılıb. Onların böyük hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq üçün nəzərdə tutulub.
Monetar.az xəbər verir ki, hərrac saat 15:00-da keçiriləcək. Torpaq sahələri Sabirabad, Kürdəmir, Ağstafa, Qazax, Beyləqan, Ağsu və Şəki rayonlarında yerləşir.
Hərraca çıxarılan ən böyük torpaq sahəsi Sabirabad rayonunun Yastıqobu kəndində yerləşir. 32,77 hektar ərazini əhatə edən bu torpaq sahəsi heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə verilir. İlkin illik icarə haqqı 3 441 manat müəyyən edilib.
Kürdəmir rayonunda da böyük torpaq sahələri icarəyə təklif olunur. Karrar bələdiyyəsinə məxsus 29,74 hektar torpaq sahəsinin ilkin illik icarə haqqı 4 907 manatdır. Eyni rayonda 24 hektar və 20 hektar sahələr də 15 il müddətinə icarəyə veriləcək.
Hərracda yaşayış məqsədilə torpaq sahəsi də satışa çıxarılıb. Ağstafa şəhərində yerləşən 336 kvadratmetrlik torpaq sahəsinin ilkin qiyməti 6 720 manatdır. Bu ərazi fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulub.