ABŞ-ın Strateji Neft Ehtiyatlarında (SPR) xam neft həcmi rekord səviyyədə azalıb.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ehtiyatlardan daha 3 milyon barrel neft çıxarılıb. Bunun nəticəsində strateji ehtiyatların həcmi 316,5 milyon barrelə düşüb.
Bu, 1983-cü ilin aprelindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Məlumata görə, ehtiyatların azalması ABŞ hökumətinin genişmiqyaslı neft buraxılışı proqramı çərçivəsində baş verir. Daha əvvəl strateji ehtiyatlardan ümumilikdə 172 milyon barrel neftin bazara çıxarılacağı açıqlanmışdı.
Fevralın sonundan, ABŞ-İsrail və İran arasında başlayan qarşıdurmadan sonra strateji ehtiyatlardakı neft həcmi 98,9 milyon barrel azalıb. Bu göstərici iyulun 10-na olan vəziyyəti əks etdirir.
ABŞ-ın ümumi neft ehtiyatlarında da azalma müşahidə olunur. Kommersiya və strateji ehtiyatlar birlikdə hesablandıqda, iyulun 3-nə ölkənin ümumi neft ehtiyatları 730,8 milyon barrel təşkil edib.
Bu göstərici əvvəlki səviyyədən 123,9 milyon barrel aşağıdır və 1984-cü ildən bəri ən aşağı hədd hesab olunur.
Ötən həftə üzrə yekun ehtiyat məlumatlarının çərşənbə günü açıqlanacağı bildirilir.
MONETAR.AZ