Almaniya hökuməti ölkənin enerji təhlükəsizliyini gücləndirmək və mümkün qaz təchizatı böhranlarına qarşı hazırlığı artırmaq məqsədilə strateji təbii qaz ehtiyatının yaradılması üçün yeni maliyyələşdirmə mexanizmi hazırlayır. "Bloomberg" agentliyinin məlumatına görə, hökumət bu məqsədlə istehlakçıların enerji hesablarına əlavə rüsum tətbiq etməyi təklif edib.
İqtisadiyyat Nazirliyinin "Bloomberg News"a göndərdiyi açıqlamaya əsasən, yeni yığımın həcmi hər meqavat-saat üçün 0,29 avrodan 0,36 avroya qədər dəyişəcək. Hesablamalara görə, bu, orta statistik fərdi ev təsərrüfatı üçün illik 3,77–7,20 avro əlavə xərc yaradacaq. Böyük həcmdə enerji istehlak edən sənaye müəssisələri üçün isə əlavə maliyyə yükü milyonlarla avroya çata bilər.
Təşəbbüs İran ətrafında yaranan geosiyasi gərginliyin Avropanın enerji təchizatındakı riskləri yenidən gündəmə gətirməsindən sonra aktuallaşıb. Son hadisələr göstərib ki, Avropa hələ də qəfil qaz tədarükü kəsintilərinə qarşı həssas olaraq qalır. 2022-ci il enerji böhranından sonra Avropa İttifaqı üzv dövlətlər üçün kommersiya qaz anbarlarının doldurulmasına dair məcburi hədəflər müəyyən etsə də, son illərdə bu göstəricilərin qorunması getdikcə çətinləşib.
Hökumətin planına əsasən, Almaniya təxminən 24 teravat-saat həcmində strateji qaz ehtiyatı formalaşdıracaq. Bu həcm ölkənin ümumi qaz anbarlarının təxminən 10%-nə bərabərdir və fövqəladə vəziyyətdə idxalın tam dayanacağı halda ev təsərrüfatlarını və biznes subyektlərini təxminən iki həftə ərzində qazla təmin etməyə imkan verəcək. Layihənin həyata keçirilməsi üçün birdəfəlik xərclərin 1,5 milyard avroya qədər olacağı proqnozlaşdırılır.
Bununla belə, yeni rüsumun ictimaiyyət və biznes dairələri tərəfindən birmənalı qarşılanmayacağı gözlənilir. Almaniya hökuməti bu ilin əvvəlində kommersiya qaz anbarlarının maliyyələşdirilməsi üçün tətbiq olunan və hər meqavat-saat üzrə 2,89 avro təşkil edən əvvəlki əlavə rüsumu ləğv etmişdi. Həmin qərar enerji xərclərini azaltmaq məqsədilə bu vəsaitin dövlət büdcəsi hesabına maliyyələşdirilməsini nəzərdə tuturdu.
Hazırkı plana uyğun olaraq, strateji qaz ehtiyatlarının formalaşdırılması üçün ayrılacaq həcm üzrə hərracların təşkili "Trading Hub Europe GmbH" tərəfindən həyata keçiriləcək. Almaniya İqtisadiyyat Nazirliyi qanun layihəsini yay aylarında parlamentə təqdim etməyi planlaşdırır.
Yeni təşəbbüs Almaniyanın enerji təhlükəsizliyini gücləndirməyə yönəlsə də, onun istehlakçılar və sənaye üçün yaradacağı əlavə maliyyə yükü qarşıdakı aylarda geniş müzakirə mövzusu olacaq.
MONETAR.AZ