Çində xam neft idxalı iyul ayında (iyun ayının gömrük statistikası əsasında) kəskin azalaraq son on ilə yaxın dövrün ən aşağı səviyyəsinə düşüb. "Bloomberg" agentliyinin məlumatına görə, azalmaya Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və ölkə daxilində enerji tələbinin zəifləməsi səbəb olub.
Çin gömrük orqanlarının açıqladığı statistikaya əsasən, xam neft idxalı illik müqayisədə 41 faiz azalaraq 29,27 milyon tona enib. Bu göstərici 2016-cı ilin oktyabrından bəri ən aşağı səviyyə hesab olunur. May ayı ilə müqayisədə isə idxal daha 12 faiz azalıb. Qeyd olunur ki, may ayının göstəricisi də son səkkiz ilin ən zəif nəticələrindən biri idi.
Analitiklərin fikrincə, ABŞ və İran arasında atəşkəsin pozulması Hörmüz boğazı vasitəsilə neft tədarükünün sabitliyi ilə bağlı narahatlıqları artırıb. Çinin xam neft idxalının təxminən yarısı Yaxın Şərq ölkələrinin payına düşdüyündən, regiondakı geosiyasi risklər Pekinin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, bazar iştirakçıları hesab edirlər ki, idxalın bu qədər aşağı səviyyəyə enməsi yaxın aylarda Çinin strateji və kommersiya neft ehtiyatlarını yenidən artırmağa başlamasına zəmin yarada bilər.
Təbii qaz idxalı isə daha sabit dinamika nümayiş etdirib. İyun ayında ölkəyə qaz tədarükü 3,7 faiz artaraq 10,93 milyon tona çatıb və son beş ayın ən yüksək göstəricisini qeydə alıb. Artım daxili hasilatın azalması və qaz anbarlarından istifadənin genişlənməsi fonunda dəniz yolu ilə mayeləşdirilmiş təbii qazın (LNG) idxalının yüksəlməsi ilə əlaqələndirilir.
Məlumata görə, İran ətrafında yaranmış hərbi gərginlik Çinin LNG idxalının təxminən üçdə birinin həyata keçirildiyi regiondan tədarüklərə mənfi təsir göstərsə də, bu azalma digər ixracatçı ölkələr hesabına böyük ölçüdə kompensasiya olunub.
Ölkənin kömür idxalında isə əks tendensiya müşahidə edilib. İyun ayında kömür alışları 30 faiz artaraq 42,78 milyon tona yüksəlib və son beş ayın maksimum səviyyəsinə çatıb.
Buna əsas səbəb daxili kömür hasilatının təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi nəticəsində zəifləməsi olub. May ayında Şansi əyalətində baş vermiş və 2009-cu ildən bəri sektorda ən ağır qəzalardan biri hesab edilən şaxta partlayışından sonra ölkə üzrə genişmiqyaslı yoxlamalar həyata keçirilib və bir sıra mədənlərdə istehsal məhdudlaşdırılıb.
Analitiklər bildirirlər ki, İndoneziyadan idxalın mümkün azalması, hava şəraitinin hidroenerji istehsalına təsiri və digər amillər yaxın aylarda kömür bazarında əlavə risklər yarada bilər. Bununla yanaşı, Çində elektrik enerjisinə tələbat rekord səviyyəyə çatıb və isti hava dalğasının davam etməsi enerji ehtiyatlarının daha sürətlə tükənməsinə, nəticədə isə idxalın yenidən artmasına səbəb ola bilər.
MONETAR.AZ