ABŞ-ın İran neftinin ixracına tətbiq etdiyi güzəşt rejimini ləğv etməsi ilə Vaşinqtonun yeni dəniz blokadasını elan etməsi arasında qalan qısa müddətdə Tehran böyük həcmdə nefti ölkədən çıxarmağa nail olub. "OilPrice.com" portalının məlumatına görə, bu dövrdə İran transponderlərini söndürən supertankerlər vasitəsilə təxminən 12 milyon barrel xam nefti gizli şəkildə ixrac edib.
Məlumata əsasən, iyulun 7-də İranın Hörmüz boğazında üç kommersiya gəmisinə hücumundan sonra ABŞ hərbi və iqtisadi cavab tədbirlərini sürətləndirib. Vaşinqton İran ərazisində bir sıra hədəflərə zərbələr endirib, eyni zamanda ABŞ Maliyyə Nazirliyi İran neftinin satışına imkan verən və avqustun 21-dək qüvvədə qalmalı olan möhlət qərarını vaxtından əvvəl ləğv edib.
Buna baxmayaraq, "Bloomberg" tərəfindən təhlil edilən gəmi izləmə məlumatları göstərir ki, sanksiyalar altında olan ən azı altı supertanker avtomatik identifikasiya sistemlərini (AIS) söndürərək Hörmüz boğazını keçib və Oman körfəzi istiqamətində hərəkət edib. Bu üsul dəniz daşımalarında "qaranlıq rejim" (dark mode) kimi tanınır və gəmilərin marşrutlarının izlənməsini çətinləşdirir.
Agentliyin hesablamalarına görə, ABŞ-ın əvvəlki və yeni blokada tədbirləri arasında qalan dövrdə — iyunun ortalarından iyulun 13-dək — İran Fars körfəzindən ümumilikdə təxminən 57 milyon barrel neft ixrac etməyə nail olub. Ekspertlər hesab edirlər ki, Malakka və Sinqapur boğazları istiqamətində daşımaların artması Tehranın sanksiyaların təsirini qismən kompensasiya etməsinə imkan verib.
Dəniz daşımalarını izləyən "TankerTrackers.com" şirkəti isə bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin əvvəlki blokadanı dayandırdığı vaxtdan etibarən İran təxminən 60 milyon barrel neft ixrac edib. Şirkətin qiymətləndirməsinə görə, blokadanın yenidən sərtləşdirilməsi halında İranın ixrac edə bilməyəcəyi 50 milyon barrelə yaxın neft və neft məhsulu ölkə daxilində qala bilər.
Analitiklər qeyd edirlər ki, Tehran sanksiyalardan yayınmaq üçün əvvəlki illərdə tətbiq etdiyi ixrac modelini davam etdirir. Bu model əsasən Çinin müstəqil neft emalı zavodlarına gizli tədarük, gəmidən-gəmiyə yükləmə əməliyyatları və transponderlərin söndürülməsi kimi üsullara əsaslanır. Dəniz analitik şirkəti "Windward" bu həftənin əvvəlində Malayziya sahillərində sanksiyaya məruz qalan doqquz İran tankerinin "qaranlıq rejim"ə keçdiyini qeydə alıb. "Vortexa" isə həmin gəmilərin daşıdığı neftin bazar dəyərini təxminən 989 milyon dollar həcmində qiymətləndirib.