Dünya bazarında neftin qiyməti 90 dollar/bareldən aşağı düşüb. Qiymətlər ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı diplomatik ümidlərin artması fonunda ardıcıl beşinci sessiyada ucuzlaşıb.
Monetar.az xəbər verir ki,ABŞ rəsmilərinin İran nümayəndələri ilə görüşünün yaxşı keçdiyi və razılaşmaya doğru ciddi irəliləyiş olduğu barədə açıqlamalar neft bazarına təzyiq göstərib.
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında İranla danışıqlar yolu ilə razılaşma əldə etmək və ya daha sərt addımlar atmaqla bağlı qarşıda mühüm qərar olduğunu bildirib. İran tərəfi isə ABŞ-a danışıqların bərpasını nəzərdə tutan təklif göndərildiyini açıqlayıb.
İranın təklifinə əsasən, ABŞ neft ixracına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atarsa, Tehran Hörmüz boğazını yeddi gün ərzində yenidən açmağa hazır olduğunu bildirib.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının neftin ölkənin qərb sahillərinə daşınmasında mühüm rol oynayan Şərq-Qərb boru kəmərinin fəaliyyətini bərpa etməyə hazırlaşdığı bildirilir. Boru kəmərinin hazırda aşağı həcmdə işlədiyi qeyd olunur.
Bazarda bu proseslərin neft tədarükü ilə bağlı riskləri azaltması ehtimalı qiymətlərə əlavə təzyiq göstərir. İranla mümkün razılaşma və Hörmüz boğazının açılması isə qlobal neft bazarında təklifin artmasına şərait yarada bilər.