Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-cı il üzrə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu aşağı salıb.
MONETAR.AZ xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatında gələn il qlobal neft tələbatının sutkada 780 min barel artacağı proqnozlaşdırılıb. Bu, təşkilatın sözügedən göstərici üzrə ardıcıl üçüncü dəfə aşağı istiqamətli düzəlişidir.
Hesabata əsasən, OPEC ölkələrinin xam neft hasilatı mart ayından başlayan azalmadan sonra iyunda yenidən artıb. Ötən ay təşkilata daxil olan ölkələrin gündəlik hasilatı əvvəlki ayla müqayisədə 3 milyon 51 min barel artaraq 22 milyon 2 min barelə çatıb.
Ən böyük hasilat artımı Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraqda qeydə alınıb. BƏƏ-də gündəlik hasilat 1 milyon 642 min barel artaraq 3 milyon 809 min barelə, Küveytdə 880 min barel yüksələrək 1 milyon 452 min barelə, İraqda isə 446 min barel artaraq 1 milyon 970 min barelə çatıb.
İranda gündəlik neft hasilatı 155 min barel artaraq 2 milyon 441 min barel olub. Liviya, Qabon, Nigeriya və Əlcəzairdə də hasilatda artım müşahidə edilib.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı, Ekvatorial Qvineya, Konqo və Venesuelada neft hasilatı azalıb.
OPEC və qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun ümumi gündəlik xam neft hasilatı isə iyunda 2 milyon 999 min barel artaraq 36 milyon 278 min barelə yüksəlib.
OPEC-in qiymətləndirməsinə görə, qlobal neft tələbatı 2025-ci ildə əvvəlki illə müqayisədə sutkada 780 min barel artaraq 105 milyon 940 min barelə çatacaq. Tələbat artımının əsas hissəsinin OECD-yə daxil olmayan ölkələrin payına düşəcəyi gözlənilir.
2026-cı ildə isə dünya üzrə neft tələbatının sutkada 1 milyon 940 min barel artaraq təxminən 107 milyon 880 min barel olacağı proqnozlaşdırılır.