OPEK-dən ayrıldıqdan sonra bu öıkənin neft hasilatı iyunda 80 faiz artıb

OPEK-dən ayrıldıqdan sonra bu öıkənin neft hasilatı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEK-dən ayrılmaq qərarının ardından neft hasilatını kəskin şəkildə artırıb. "Bloomberg" agentliyinin tanış olduğu OPEK-in aylıq hesabatına əsasən, ölkə iyun ayında təşkilata gündəlik orta hesabla 3,8 milyon barrel xam neft hasil etdiyini bildirib ki, bu da may ayı ilə müqayisədə 1,71 milyon barrel və ya təxminən 80% çoxdur.

Açıqlanan göstəricilər ABŞ və İran arasında son hərbi gərginlikdən əvvəlki dövrü əhatə edir. Parisdə yerləşən Beynəlxalq Energetika Agentliyi (BEA) isə ötən həftə dərc etdiyi proqnozda BƏƏ-də gündəlik neft hasilatının iyun ayında 900 min barrel artaraq tarixi maksimum – 4,1 milyon barrelə çatdığını qiymətləndirib.

Analitiklərin fikrincə, hasilatdakı sıçrayış Əbu-Dabinin uzun illər OPEK-in tətbiq etdiyi hasilat kvotalarından narazı qalmasının nəticəsidir. BƏƏ may ayının əvvəlində təşkilatdan çıxacağını elan etdikdən sonra istehsal imkanlarını daha sərbəst şəkildə artırmağa başlayıb. Eyni zamanda ölkə İran ətrafındakı geosiyasi gərginlik və Hörmüz boğazında yaranan risklərə baxmayaraq, neft ixracını fasiləsiz davam etdirə bilib.

BƏƏ-dən bazara daxil olan əlavə həcmdə xam neft Asiya bazarında təklifin artmasına səbəb olub. Nəticədə OPEK-in ən böyük istehsalçısı və faktiki lideri sayılan Səudiyyə Ərəbistanı alıcıları qorumaq məqsədilə neftinin satış qiymətlərinə nadir hallarda tətbiq etdiyi endirimlər təklif etmək məcburiyyətində qalıb.

Diqqət çəkən məqamlardan biri də OPEK-in BƏƏ-nin istehsal göstəricilərini hələ də təşkilatın ümumi statistikasına daxil etməsidir. Vyanada yerləşən katibliyin hesabatında qeyd olunur ki, OPEK Nizamnaməsinə əsasən, üzv ölkənin təşkilatdan çıxması barədə qərar yalnız növbəti təqvim ilinin əvvəlindən hüquqi qüvvəyə minir. Buna görə də BƏƏ-nin 1 may tarixindən elan etdiyi çıxış qərarı statistik hesabatların metodologiyasını hələlik dəyişməyib.

Hesabatda Səudiyyə Ərəbistanının hasilat göstəriciləri də açıqlanıb. Krallıq iyun ayında gündəlik neft hasilatını 561 min barrel artıraraq 7,122 milyon barrelə çatdırdığını bəyan edib. Bununla yanaşı, bazara faktiki çıxarılan neft həcminin gündəlik 6,637 milyon barrel olduğu bildirilib.

BƏƏ-nin hasilatı sürətlə artırması qlobal neft bazarında rəqabəti gücləndirə və xüsusilə Asiya istiqamətində qiymət siyasətinə təsir göstərə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.

MONETAR.AZ