Qırğızıstan yanacaq təhlükəsizliyini gücləndirmək və Rusiyadan neft məhsulları idxalından asılılığı azaltmaq məqsədilə ölkənin cənubunda 25 milyon ABŞ dolları dəyərində mini neft emalı zavodunun (NEZ) tikintisinə başlayacaq. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Layihənin maliyyələşdirilməsinə dair saziş Qırğızıstan-Çin birgə müəssisəsi olan "Central Asian Energy LLC" ilə imzalanıb. İllik 450 min ton emal gücünə malik olacaq müəssisədə K5 və K6 ekoloji standartlarına uyğun benzin və dizel yanacağı, həmçinin bitum və mühərrik yağları istehsal ediləcək. Layihənin birinci mərhələsinin 2026-cı ilin payızında istismara verilməsi planlaşdırılır.
Qırğızıstan hazırda neft məhsullarının idxalından ciddi şəkildə asılıdır və ölkədə istehlak olunan benzinin 90%-dən çoxu Rusiyadan tədarük edilir. Lakin Rusiyanın neft emalı zavodlarına Ukrayna pilotsuz uçuş aparatlarının hücumları nəticəsində istehsalın azalması may ayının sonlarından etibarən yanacaq tədarükündə problemlər yaradıb.
İyunun sonunda Qırğızıstan Neft Treyderləri Assosiasiyası məhdud idxal və mövsümi tələbatın artması səbəbindən AI-95 və AI-98 markalı benzinin çatışmazlığının yarandığını açıqlamışdı. Vəziyyəti sabitləşdirmək məqsədilə hökumət bir sıra tədbirlər həyata keçirib. Bunlara müəyyən müddət üçün qiymətlərin tənzimlənməsi (sonradan AI-95 markası üzrə ləğv edilib) və neft məhsullarının ixracına müvəqqəti qadağanın tətbiqi daxildir.
Bununla yanaşı, Qırğızıstan yanacaq tədarükünü şaxələndirmək istiqamətində də addımlar atır. Ölkə yaxın aylarda Çin və Belarusdan əlavə yanacaq idxalını gözləyir. Həmçinin Energetika Nazirliyi Özbəkistan ilə əldə olunmuş razılaşmaya əsasən, xammalın bir hissəsinin Özbəkistanın neft emalı zavodlarında emal edilərək hazır neft məhsulları şəklində yenidən Qırğızıstana göndəriləcəyini bildirib.
MONETAR.AZ