Çinin günəş panelləri ixracı Asiya və Afrikada artıb

Çinin günəş panelləri ixracı Asiya və

Çindən günəş panelləri və günəş elementlərinin ixracında regionlar üzrə fərqli dinamika müşahidə olunur. Son gömrük statistikasına əsasən, iyun ayında Cənub-Şərqi Asiya, Cənubi Asiya və Afrika bazarlarına tədarük əhəmiyyətli dərəcədə artsa da, Avropa, Yaxın Şərq və Latın Amerikasına ixrac azalıb. Eyni zamanda, ixrac üzrə vergi güzəştlərinin ləğvindən sonra ölkənin ümumi günəş enerjisi məhsulları ixracı ardıcıl ikinci aydır geriləyir.

Şənbə günü açıqlanan rəsmi gömrük məlumatlarına görə, Cənub-Şərqi Asiya ölkələrinə günəş elementləri və panellərinin ixracı ötən ilin eyni ayı ilə müqayisədə 33% artaraq 125 402 metrik tona çatıb.

Afrika istiqamətində tədarük 26% yüksələrək 103 277 ton, Cənubi Asiya ölkələrinə ixrac isə 12% artımla 114 643 ton təşkil edib.

Bunun əksinə olaraq, Çin istehsalçıları üçün ən iri ixrac bazarı hesab edilən Avropaya tədarük 18% azalaraq 370 481 tona enib. Yaxın Şərq ölkələrinə ixrac 38% geriləyərək 96 224 ton, Latın Amerikasına göndərişlər isə 20% azalaraq 77 548 ton olub.

Ümumilikdə, iyun ayında Çinin bütün istiqamətlər üzrə günəş enerjisi məhsullarının ixracı illik müqayisədə 9% azalaraq 980 min tona düşüb. Bu ixracın ümumi dəyəri 2,49 milyard dollar təşkil edib.

Məhsul vahidi ilə hesablandıqda isə ixrac daha kəskin azalıb. Belə ki, xaricə göndərilən günəş elementləri və panellərinin sayı 16,5% azalaraq 743,2 milyon ədədə enib.

Mütəxəssislər bu dinamikanı, ilk növbədə, 1 aprel 2025-ci il tarixindən etibarən günəş enerjisi məhsullarının ixracı üzrə ƏDV güzəştlərinin ləğvi ilə əlaqələndirirlər. Qeyd olunur ki, həmin qərardan sonra Çinin günəş panelləri ixracında ardıcıl ikinci aylıq azalma qeydə alınıb.

Buna baxmayaraq, Çin qlobal bazarda günəş elementləri və panellərinin ən böyük istehsalçısı mövqeyini qoruyur. Regional tələbatın dəyişməsi isə ixrac marşrutlarının tədricən Avropadan inkişaf etməkdə olan Asiya və Afrika bazarlarına yönəldiyini göstərir.

MONETAR.AZ