Rusiyanın regionlarında yanacaq üzrə dövlət satınalmaları pozulub

Rusiyanın regionlarında yanacaq üzrə

Rusiyanın bir sıra regionlarında yanacaq qıtlığı dövlət satınalmalarına təsir göstərib. Təchizatçıların sabit qiymətli dövlət müqavilələri üzrə benzin və dizel satmaqda maraqlı olmaması səbəbindən bir sıra tenderlər baş tutmayıb və ya təkrar elan edilib.

MONETAR.AZ xəbər verir ki, 2026-cı ilin may-iyun aylarında azı 10 yanacaq satınalması ləğv edilib, baş tutmayıb və ya yenidən keçirilib. Bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artdığı bildirilir.

Məlumata görə, bəzi hallarda təchizatçılar ümumiyyətlə tenderlərə qatılmayıblar. Məsələn, Samara vilayətində regional tibb mərkəzinin 8,5 min litr AI-92 benzini almaq üçün elan etdiyi satınalmaya heç bir şirkət müraciət etməyib. Leninqrad vilayətində də reabilitasiya mərkəzinin yanacaq tədarükü üzrə tenderi iştirakçı olmadığı üçün baş tutmayıb.

Problemlər yalnız kiçik sifarişlərlə məhdudlaşmayıb. Tambovda şəhər administriyasının avtomobil bazası üçün 2 milyon rubl dəyərində benzin və dizel yanacağı alınması üzrə tender uğursuz olub. Vladimir vilayətində isə "Qorelektrset" şirkətinin 2,2 milyon rublluq yanacaq satınalması baş tutmayıb.

Ekspertlərə görə, əsas səbəb dövlət müqavilələrində nəzərdə tutulan qiymətlərlə bazardakı real qiymətlər arasındakı fərqdir. Tenderlərin hazırlanması bir neçə həftə çəkdiyindən, hərrac keçirilən vaxtadək müəyyən edilmiş qiymət bazar göstəricilərindən geri qala bilər. Bu halda təchizatçı yanacağı daha baha almalı və əlavə logistika, saxlama xərcləri çəkməli olur.

Analitiklərin fikrincə, yanacaq qiymətlərinin artdığı şəraitdə şirkətlər üçün pərakəndə satış və kommersiya müştəriləri ilə işləmək daha sərfəli olur. Dövlət müqavilələrində isə qiymət dəyişiklikləri, ödənişlərin gecikməsi və cərimə riskləri təchizatçıları çəkindirir.

Ən çox çətinliklər ucqar rayonlarda yerləşən kiçik satınalmalarda yaranır. Çatdırılma xərclərinin yüksək olması və yanacaqdoldurma məntəqələrinin yerləşməsi ilə bağlı tələblər rəqabəti azaldır.

Rusiya Statistika Xidmətinin məlumatlarına görə, ilin əvvəlindən ölkədə benzin qiymətləri təxminən 14 faiz, dizel yanacağı isə 15 faiz bahalaşıb. Ayrı-ayrı regionlarda artım daha yüksək olub.

Mütəxəssislər hesab edirlər ki, yanacaq bazarında qiymət təzyiqi davam edərsə, dövlət qurumları üçün sabit qiymətli yanacaq satınalmalarının təşkili daha da çətinləşə bilər.