Tramp: İraqla yaxın vaxtlarda nəhəng neft sazişləri açıqlanacaq

Tramp: İraqla yaxın vaxtlarda

ABŞ Prezidenti Donald Tramp İraqla böyük həcmli yeni neft sazişlərinin yaxın günlərdə elan ediləcəyini bildirib.

Tramp Ağ Evdə İraq Baş naziri Əli əz-Zeydi ilə görüşdən sonra jurnalistlərə açıqlamasında ABŞ şirkətlərinin İraqdakı fəaliyyətini genişləndirəcəyini və iki ölkə arasında yeni enerji razılaşmalarının imzalanacağını deyib.

ABŞ Prezidenti İraqın neft və digər təbii sərvətlər baxımından böyük potensiala malik olduğunu vurğulayıb.

“İraq nefti və digər imkanları ilə böyük potensiala sahibdir. Hər iki ölkə üçün çoxlu iş yerləri yaradacağıq və böyük həcmdə neft hasil edəcəyik. Bu neftin böyük hissəsini Amerika şirkətləri çıxaracaq”, – deyə Tramp bildirib.

O, yeni sazişlərin bu həftə və ya gələn həftə açıqlana biləcəyini qeyd edib. Tramp razılaşmaların təfərrüatlarını açıqlamasa da, onları “böyük həcmli və ən iri sazişlər sırasında” qiymətləndirib.

Bu razılaşmaların İraqın neft və qaz istehsal imkanlarını artırmaq üçün xarici sərmayə cəlb etməyə çalışan Baş nazir Əli əz-Zeydiyə mühüm dəstək olacağı bildirilir.

İraq ABŞ-la strateji tərəfdaşlıq elan etməyə hazırlaşır

Əli əz-Zeydi Vaşinqtona səfərinin adi xarakter daşımadığını və məqsədin ABŞ ilə strateji tərəfdaşlığın elan edilməsi olduğunu bildirib.

O, Trampa göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edərək, iki ölkə arasında yeni mərhələnin başladığını qeyd edib.

İraq Baş naziri ölkədə dövlət nəzarətindən kənar silahlı qrupların fəaliyyətinə son qoyulacağını da açıqlayıb.

“30 sentyabrdan sonra heç bir silahlı qrupun mövcudluğuna ehtiyac qalmayacaq. Təhlükəsizlik qüvvələrimiz ölkəmizi qorumaq gücündədir. Dövlət xaricində heç kəsin silah daşımasına icazə verməyəcəyik”, – deyə Əli əz-Zeydi bildirib.

Onun sözlərinə görə, bəzi silahlı qruplardan artıq çoxlu sayda silah təhvil alınıb, siyasi fəaliyyət göstərmək istəyən qruplarla isə əməkdaşlıq ediləcək.

Neft gəlirləri və OPEC məsələsi

İraq Baş naziri ölkəsinin ABŞ-ın dəstəyi ilə İŞİD terror təşkilatına qarşı mübarizə apardığını və bu prosesdə 400 milyard dollardan çox zərər gördüyünü bildirib.

Əli əz-Zeydi bəzi şəhərlərin hələ də dağıntılar içində olduğunu, bir sıra insanların isə qaçqın düşərgələrində yaşadığını qeyd edib.

O, İraqın neft gəlirlərindən və OPEC çərçivəsində hüquqlarından tam istifadə etmək istədiyini vurğulayıb.

Tramp isə İraqın OPEC-də daha yüksək hasilat kvotası tələbi ilə bağlı mövqeyini dəstəkləyib-dəstəkləmədiyi barədə suala cavab verməyib. O, yalnız İraq Baş nazirinin bu məsələdə qərar vermək hüququnun olduğunu bildirib.

Əli əz-Zeydi ilk rəsmi xarici səfəri çərçivəsində bir sıra nazirlərdən ibarət nümayəndə heyəti ilə ABŞ-a gedib.

MONETAR.AZ