ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən yüklərə 20%-lik rüsum tətbiq etmək təşəbbüsü qlobal neft bazarında yeni risklər yaradıb. "CNBC"nin məlumatına görə, analitiklər hesab edirlər ki, bu addım xüsusilə hərbi gərginliyin yenidən artaraq strateji su yolunun bağlanmasına səbəb olacağı halda, qlobal neft bazarında gözlənilən profisiti təhlükə altına sala bilər.
Mütəxəssislərin fikrincə, rüsumun bazara təsiri təkcə əlavə xərclərlə məhdudlaşmır. Əsas narahatlıq onun yaratdığı siqnaldır: Hörmüz boğazında gəmiçilikdə mümkün fasilələr neft təklifini azalda və ayın əvvəlində bazarda formalaşmış profisit gözləntilərini aradan qaldıra bilər.
"Lipow Oil Associates" şirkətinin prezidenti Endi Lipou bildirib ki, bazarlar ötən ay ABŞ və İran arasında əldə olunan memorandumdan sonra neft tədarükünün artacağını gözləyirdi. Lakin onun sözlərinə görə, son hadisələr bu nikbinliyi zəiflədib.
"Profisit mütləq şəkildə təhlükə altındadır, xüsusən də Hörmüz boğazı tamamilə bağlanarsa", – deyə Lipou vurğulayıb.
Onun hesablamalarına əsasən, əgər sözügedən rüsum xam neftə də şamil olunarsa, boğazdan keçən hər barrel neft üçün təxminən 16 dollar əlavə xərc yarana bilər. Bununla belə, ABŞ administrasiyası rüsumun tətbiq mexanizmi barədə hələlik ətraflı məlumat verməyib.
"Citi" bankı isə xəbərdarlıq edib ki, belə bir qərarın reallaşması hərbi eskalasiya riskini əhəmiyyətli dərəcədə artıra bilər.
"Catalyst Energy Infrastructure Fund"un nümayəndəsi Henri Hoffman qeyd edib ki, bazar üçün əsas risk qiymət artımından daha çox fiziki neft tədarükünün yenidən pozulması ehtimalıdır.
Bunun fonunda neft qiymətləri yüksəlişini davam etdirib. Ötən sessiyada 9,6% artımdan sonra ABŞ-ın WTI markalı neftinin fyuçersləri daha 2,75% bahalaşaraq bir barrel üçün 80,30 dollara, Brent markalı neft isə 2,80% artaraq 85,65 dollara yüksəlib.
Analitiklərin fikrincə, Asiyada tələbin bərpa olunduğu bir vaxtda Yaxın Şərqdən tədarükün etibarlılığına dair narahatlıqlar bazarda əlavə təzyiq yarada bilər. Bu şəraitdə Saudi Aramco da qiymət siyasətini yeniləyərək neftinin rəsmi satış qiymətini bir barrel üçün 11 dollar azaldıb və Oman/Dubai etalonuna nisbətən 1,50 dollar diskont müəyyən edib. Bu addımın Çin neft emalı zavodlarının alışlarını stimullaşdıracağı gözlənilir.
MONETAR.AZ