Azərbaycanda icbari sığorta üzrə xidmət səviyyəsinin və sığorta ödənişlərinin adekvatlığının artırılması nəzərdə tutulur. Lakin bu dəyişikliklər çərçivəsində sığorta haqlarının artırılması planlaşdırılmır.
Monetar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov qurumun yarımillik “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan istisnalar çərçivəsində müəyyən kateqoriyaların dövlət tərəfindən sığortalanması həyata keçirilir. Bununla yanaşı, icbari sığorta üzrə qanunvericiliyə təklif olunan dəyişikliklərin mövcud sığorta haqları çərçivəsində tətbiqi nəzərdə tutulur.
V.Qurbanov qeyd edib ki, əsas məqsəd sığorta xidmətlərinin keyfiyyətini yüksəltmək, sığorta təminatı zamanı əmlakın dəyərinə daha yaxın məbləğdə ödənişlərin həyata keçirilməsini təmin etməkdir. Qanunvericiliyə dəyişikliklər layihəsində müxtəlif komponentlər yer alır və onların mərhələli şəkildə tətbiqi planlaşdırılır.
AMB rəsmisi daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin adekvatlığının artırılmasının da nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, sığorta məbləğlərinin düzgün müəyyənləşdirilməsi və sığorta aktlarının müvafiq qaydada tərtib olunması ödənişlərin keyfiyyətinə təsir edən mühüm amillərdir.
Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanun 24 dekabr 2011-ci ildə qəbul edilib və 1 yanvar 2012-ci ildən qüvvəyə minib.