“Manato” və “Azpul”dan kredit götürənlərə banklar niyə kredit vermir?

  “Manato” və “Azpul”dan kredit götürənlərə

Azərbaycanda “Manato” və “Azpul” kimi bank olmayan kredit təşkilatlarından (BOKT) borc götürən şəxslərin sonradan bəzi banklardan kredit ala bilməməsi bankların risk qiymətləndirmə modelləri ilə bağlıdır.

Monetar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarımillik “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər bir bank kredit müraciətlərini öz risk modeli əsasında qiymətləndirir. Bu zaman müştərinin gəlirləri, əməkhaqqı, ailə xərcləri və digər maliyyə göstəriciləri nəzərə alınır. Bəzi hallarda BOKT-dan kredit götürülməsi faktı da bankın risk modelində ayrıca meyar kimi istifadə edilə bilər.

Ş.Mahmudzadə qeyd edib ki, banklar müştərinin daha aşağı faizlə kredit əldə etmək imkanına baxmayaraq, yüksək faizlə fəaliyyət göstərən BOKT-a müraciət etməsinin səbəblərini risk amili kimi qiymətləndirə bilərlər. Bu, şəxsin bankdan kredit ala bilməməsi və ya maliyyə qərarlarını düzgün qiymətləndirməməsi ehtimalı ilə əlaqələndirilə bilər.

AMB rəsmisinin sözlərinə görə, vətəndaş kredit götürəcəyi təşkilatı özü seçir. Bununla yanaşı, banklar müştərilərin risk səviyyəsini öz daxili siyasətləri və qiymətləndirmə modelləri əsasında müəyyənləşdirirlər.

O bildirib ki, BOKT-dan götürülmüş kreditlər üzrə ödəniş tarixçəsi də mühüm əhəmiyyət daşıyır. Əgər müştərinin əvvəlki öhdəlikləri üzrə gecikmələri olubsa, bu, onun kredit tarixçəsinə təsir edə və bankın qərarında nəzərə alına bilər.

Kredit tarixçəsi müştərinin əvvəlki borclarını necə ödədiyini qiymətləndirməyə imkan verir. Bank həmin məlumatları nəzərə alaraq kreditin verilməsi, imtina edilməsi və faiz dərəcəsinin müəyyənləşdirilməsi barədə qərar qəbul edə bilər.

Ş.Mahmudzadə vurğulayıb ki, ayrı-seçkiliyin qarşısının alınması vacibdir. Bununla yanaşı, müştərinin kredit riskinin yüksək və ya aşağı olması bankın daxili modelləri əsasında qiymətləndirilə bilər.

Onun sözlərinə görə, bankların sistemli şəkildə müəyyən kateqoriyadan olan müştərilərə kredit vermədiyi müşahidə olunarsa, bu məsələ araşdırılmalıdır.

AMB rəsmisi qeyd edib ki, banklar risk modellərini mütəmadi nəzərdən keçirməli və adekvat qiymətləndirmə aparmalıdırlar. Kredit bazarında müştərilərə kredit verən banklar gəlir əldə etmək imkanı qazanır, kredit verməyən banklar isə bazar payını itirmək riski ilə üzləşirlər.

Beləliklə, BOKT-dan kredit götürmək faktı bəzi bankların risk qiymətləndirməsində nəzərə alına bilər. Lakin kredit qərarına müştərinin gəlirləri, mövcud borc yükü və əvvəlki ödəniş intizamı kimi digər amillər də təsir göstərir.