Kredit götürüb işsiz qalsanız, borcunuzu sığorta ödəyəcəkmi?

  Kredit götürüb işsiz qalsanız,

Azərbaycanda banklar müştərilərinə işsizlikdən sığorta xidmətini təqdim edəcək. İstehlak krediti götürən şəxslər üçün bu sığortadan istifadə könüllü olacaq.

Monetar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarımillik “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, işsizlikdən sığorta ilə bağlı qaydalar hazırlanıb və bu sahədə tənzimləyici dəyişikliklər üzərində iş aparılır. Dəyişikliklərin ilin sonuna qədər qüvvəyə minməsi nəzərdə tutulur.

Ş.Mahmudzadə bildirib ki, yeni sığorta mexanizmi şəxslərin işsiz qalması nəticəsində üzləşə biləcəkləri maliyyə çətinliklərinin azaldılmasına xidmət edəcək. Müvafiq qaydalar çərçivəsində işçinin öz istəyi ilə işdən ayrılması və ya kütləvi ixtisarlar kimi hallar da sığorta təminatına daxil ediləcək.

AMB rəsmisi qeyd edib ki, istehlak krediti götürən şəxsin işsizlikdən sığortadan istifadə edib-etməməsi öz seçimindən asılı olacaq.

Ş.Mahmudzadənin sözlərinə görə, işsizlikdən sığorta haqqının məbləği fəaliyyət sektoruna və digər amillərə görə dəyişə bilər. Bu zaman işçi axını, işsizliyin başvermə ehtimalı, bankın kapitalı və ehtiyatlarının strukturu nəzərə alınacaq.

O bildirib ki, tənzimləyici sənədin hazırlanmasında əsas məqsədlərdən biri sığorta haqqı kreditin ümumi xərcinə əlavə olunsa belə, müvafiq mexanizm vasitəsilə müştərinin ümumi xərcinin sığortasız kreditlə müqayisədə daha aşağı olmasına şərait yaratmaqdır.

AMB rəsmisi orta hesabla kredit xərclərinin azalmasının gözlənildiyini də vurğulayıb. Bununla belə, nəticənin bankın xüsusiyyətlərindən və digər amillərdən asılı olacağı qeyd edilib.

Beləliklə, yeni mexanizmin tətbiqi ilə istehlak krediti götürən şəxslər işsiz qaldıqları halda maliyyə risklərindən qorunmaq üçün əlavə sığorta imkanına malik olacaqlar. Xidmətin konkret şərtləri, sığorta haqqının hesablanması və təminatın tətbiq qaydaları isə hazırlanmaqda olan tənzimləyici sənədlərlə müəyyənləşdiriləcək.