Azərbaycanda bank sektorunda kreditlərin depozitlərə nisbəti 2026-cı ilin ilk yarısında 80%-ə çatıb.
Monetar.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin sonu ilə müqayisədə bu göstərici 2 faiz bəndi artıb.
Artım depozit və kredit portfellərinin dinamikası fonunda qeydə alınıb. Kreditlərin depozitlərə nisbəti bankların cəlb etdikləri depozitlərin hansı hissəsinin kreditləşməyə yönəldildiyini göstərən əsas göstəricilərdən biridir.
Məlumata görə, bank sektorunda aktiv və öhdəliklərin müddət strukturunda əhəmiyyətli dəyişiklik baş verməyib. Öhdəliklərin 81%-i, aktivlərin isə 52%-i bir ildən aşağı müddətə malikdir.
Banklar aktiv və öhdəliklər arasındakı müddət uyğunsuzluğunu likvid ehtiyatlar saxlamaqla idarə edirlər.
Bununla yanaşı, Mərkəzi Bank 2026-cı ildən etibarən banklardan Xalis Sabit Maliyyələşmə Nisbəti (NSFR) üzrə məlumatları rüblük əsasda toplamağa başlayıb. Əmsal üzrə minimum prudensial normativin tətbiqinə 2027-ci ildə başlanılması nəzərdə tutulur.