Manatla likvidlik üzrə tələbin 100 faizə çatdırılması nəzərdə tutulur

Manatla likvidlik üzrə tələbin

Azərbaycan Mərkəzi Bankının bank sektorunda manatla likvidliyin gücləndirilməsi məqsədilə tətbiq etdiyi yeni normativ tələbin 2027-ci il dekabrın 1-dən bütün banklar üzrə 100%-ə çatdırılması nəzərdə tutulur.

Monetar.az xəbər verir ki, manatla likvidliyin örtülməsi əmsalı (LCR) üzrə yeni tələb 2025-ci il avqustun 1-dən mərhələli şəkildə tətbiq olunur.

2026-cı il iyunun sonuna sistem əhəmiyyətli banklar üçün minimum tələb 80%, digər banklar üçün isə 70% təşkil edib. Həmin tarixdə bank sektorunda manatla LCR göstəricisi 138% olub.

Yeni normativin əsas məqsədi bankların qısamüddətli manat likvidliyi ehtiyaclarını ödəmək imkanlarını artırmaq, stress dövrlərində kifayət qədər yüksək keyfiyyətli likvid aktivlərin saxlanılmasını təmin etmək və maliyyə sabitliyini gücləndirməkdir.

2025-ci ildə “Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”na edilən dəyişikliklər nəticəsində yüksək keyfiyyətli likvid aktivlərin əhatə dairəsi də genişləndirilib. Mərkəzi Bankda repo əməliyyatları çərçivəsində yerləşdirilən vəsaitlər, 30 günədək müddətə yerləşdirilən depozitlər, eləcə də Mərkəzi Bankda və banklarda yerləşdirilmiş overnayt depozitlər bu aktivlər kateqoriyasına daxil edilib.

Bundan əlavə, banklarda uzunmüddətli maliyyələşmənin təşviqi məqsədilə NSFR üzrə minimum prudensial normativin 2027-ci ildə tətbiqi planlaşdırılır.