Azərbaycanın aparıcı banklarından olan “Yelo Bank” 2026-cı ilin 3-cü rübünün nəticələrini açıqlayıb. Bu dövrdə bank böyüməkdə davam edib, kredit portfeli artıb, nəticədə “Yelo Bank” ilin ilk 9 ayını 17 milyon 257 min manat xalis mənfəətlə başa vurub.
Hesabata əsasən 2026-cı ilin ilk 9 ayında “Yelo Bank”ın faiz gəlirləri 17,4% artaraq 153,5 milyon manata yüksəlib. Paralel olaraq bankın faiz xərcləri də 28% artaraq 61,3 milyon manata çatıb.
Nəticədə, bankın xalis faiz gəlirləri ötən ilin eyni dövründəki 80,6 milyon manata qarşı, bu il 87,7 milyon manat olub.
Bankın qeyri-faiz gəlirləri təqribən 7 milyon manat, qeyri-faiz xərcləri isə 2,9% artaraq 66,6 milyon manata çatıb.
“Yelo Bank” ənənəvi olaraq əmək haqqı xərclərini artırmaqdadır, digər xərclərdə cidi artım olmasa da, əmək haqqı xərcləri 2 milyon artaraq 35 milyon manatı keçib.
Son nəticədə Bankın effektli fəaliyyətinin əsas göstəricilərindən olan əməliyyat mənfəəti - ötənilkini bir qədər üstələyərək 28 milyon manatı keçib.
17,3 milyon manat xalis mənfəət
Hesabat dövründə “Yelo Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 6,5 milyon manat xərcləyib.
Nəticədə, bankın mənfəət vergisi 21,6 milyon manat olub, bundan 4,3 milyon vergi ödənişindən sonra isə xalis mənfəət 17,3 milyon manat təşkil edib.
Aktivləri 1,56 milyard manata yaxınlaşıb
2026-cı il sentyabrın 30-na “Yelo Bank”ın aktivləri 1 milyard 558,6 milyon manat təşkil edib. Bu, 2026-cı ilin əvvəlinə nisbətən 43,4 milyon manat və ya təqribən 3% artım deməkdir.
Kredit portfelində və biznes kreditlərində sürətli artım
Bankın müştərilərə verdiyi kreditlərin həcmi 61 milyon manat böyüyərək 1 milyard 150 milyon manata çatıb. “Yelo Bank”ın kredit portfelində ənənəvi olaraq ən böyük pay biznes kreditlərinə məxsusdur. Biznes kreditlərinin həcmi ilin əvvəlindəki 673,6 milyon manatdan 720,4 milyon manata yüksəlib. Beləliklə, bu istiqamətdə təqribən 47 milyon manat və ya 7% artım qeydə alınıb.
“Yelo Bank”da istehlak kreditləri 0,5% artaraq 319 milyon manata, daşınmaz əmlak kreditləri 13% artaraq 110,7 milyon manata çatıb.
Nağd pul vəsaitlərində 90% artım
Bu dövrdə bankın nağd pul vəsaitləri və ekvivalentləri 164 milyon manatdan 310 milyon min manata yüksəlib. Bu, 89%-lik artım deməkdir.
“Yelo Bank” hələlik qiymətli kağızlar bazarına ciddi maraq göstərmir, bankın bu sahədəki portfeli 1 milyon manata da çatmır.
Əhalinin bankdakı əmanətləri artıb
Hesabat dövrünün sonuna “Yelo Bank”ın cəmi öhdəlikləri 1 milyard 364 milyon manat təşkil edib.
2026-cı il sentyabrın 30-na bankın depozit portfeli 1 milyard 91 milyon 269 min manat təşkil edib. Bu dövrdə fiziki şəxslərin bankdakı əmanətləri 15 milyon manat və ya 1,6% artaraq 945 milyon 747 min manata çatıb. Hüquqi şəxslərin bankdakı depozitləri isə 145 milyon manatdır.