Meksika dövlət borcuna görə faiz ödənişlərinin dövlət xərclərindəki payına görə OECD ölkələri arasında birinci yerdədir. Ölkədə dövlət xərclərinin 10,9 faizi borc üzrə xalis faiz ödənişlərinə yönəlir.
Monetar.az xəbər verir ki, OECD məlumatları əsasında hazırlanan araşdırmaya görə, ABŞ 10,6 faizlik göstərici ilə ikinci yerdə qərarlaşıb.
Kolumbiyada dövlət xərclərinin 7,4 faizi, İtaliyada 7,1 faizi, Macarıstanda 7 faizi borc faizlərinə sərf olunur. Bu göstərici İslandiyada 6,5 faiz, İsraildə 6,2 faiz, Kosta Rikada 6,1 faiz, Rumıniyada isə 6 faizdir.
Böyük Britaniyada dövlət xərclərinin 5,9 faizi, Yunanıstanda 5,6 faizi, İspaniya və Portuqaliyada 4,1 faizi faiz ödənişlərinə düşür.
Pul ifadəsində isə ABŞ digər ölkələri böyük fərqlə qabaqlayır. Ölkənin xalis faiz xərcləri 1,23 trilyon dollar təşkil edir. İtaliyada bu göstərici 134,5 milyard, Böyük Britaniyada 124,2 milyard, Meksikada isə 107,1 milyard dollardır.
OECD ölkələri üzrə dövlət faiz ödənişləri 2024-cü ildə ümumi daxili məhsulun 3,3 faizinə bərabər olub.
Araşdırmada qeyd edilir ki, dövlət borcu üzrə faiz xərclərinin yaxın illərdə daha da artması mümkündür. OECD ölkələrinin suveren borcunun təxminən 45 faizinin 2027-ci ilə qədər müddəti başa çatacaq. Aşağı faizlə götürülmüş bu borclar daha yüksək faiz dərəcələri ilə yenidən maliyyələşdirildikcə dövlətlərin faiz yükü arta bilər.
Eyni zamanda, İsveçrə, Yaponiya, İsveç, Lüksemburq, Danimarka, Cənubi Koreya və Norveçdə xalis faiz xərcləri mənfi olub. Buna həmin ölkələrin dövlət borcundan əldə etdikləri faiz gəlirlərinin ödədikləri faizdən çox olması səbəb olur.