Türkiyə Mərkəzi Bankı: dezinflyasiya prosesi davam edir

Türkiyə Mərkəzi Bankı: dezinflyasiya prosesi

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Fatih Karahan bildirib ki, iqtisadi göstəricilər ölkədə inflyasiyanın zəifləməsi prosesinin davam etdiyini göstərir. Bununla belə, təklif tərəfdəki şərtlərin daha da mürəkkəbləşdiyi qeyd olunur.

Karahan dünən Nyu-Yorkda çıxışı zamanı bildirib ki, təklif şokları ümumi inflyasiyaya əhəmiyyətli təsir göstərib, xidmətlər sektorunda qiymət artımı isə hələ də yüksək və dayanıqlı olaraq qalır. Onun sözlərinə görə, son dövrdə inflyasiyanın baza tendensiyasında müəyyən yavaşlama müşahidə olunur.

Mərkəzi Bankın sədri daxili tələbin zəifləməsi fonunda iqtisadi artım tempinin də aşağı düşdüyünü diqqətə çatdırıb. O qeyd edib ki, yüksək tezlikli iqtisadi göstəricilər daxili tələbdəki mülayimləşmənin üçüncü rübdə də davam etdiyinə işarə edir.

Karahan inflyasiya gözləntilərinin ehtiyatlı yanaşmanı zəruri etdiyini vurğulayıb. Onun sözlərinə görə, qarşıdakı dövrdə inflyasiyanın istiqamətinə xarici şoklarla yanaşı, bu şokların daxili iqtisadiyyata ötürülmə mexanizmləri də təsir göstərəcək.

TCMB sədri həmçinin Mərkəzi Bankın beynəlxalq ehtiyatlarının yaratdığı buferin yüksək səviyyədə qaldığını bildirib.

MONETAR.AZ