Macarıstanda 2010-cu ildən bəri ən yüksək aylıq büdcə profisiti qeydə alınıb

Macarıstanda 2010-cu ildən bəri ən yüksək aylıq büdcə profisiti

Macarıstanın Maliyyə Nazirliyi iyun ayında ölkədə 424 milyard forint həcmində büdcə profisiti qeydə alındığını açıqlayıb. Bu göstərici 2010-cu ilin dekabrından bəri ən yüksək aylıq profisit hesab olunur.

Nazirliyin məlumatına görə, yanvar–iyun aylarında kassa (nağd pul) əsasında hesablanan büdcə defisiti 3,38 trilyon forint (10,8 milyard ABŞ dolları) təşkil edib. Bu, illik büdcə planında nəzərdə tutulan defisitin 80,2 faizinə bərabərdir.

Baş nazir Péter Magyarin hökuməti Viktor Orbánın 16 illik hakimiyyətindən sonra büdcə problemlərinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Yeni hökumət əvvəlki administrasiyanı seçkilər öncəsi dövlət xərclərinin real həcmini olduğundan aşağı göstərməkdə ittiham edib.

Maliyyə naziri András Karman daha əvvəl bildirmişdi ki, əlavə tədbirlər görülməzsə, ilin sonunda büdcə kəsiri ÜDM-in 8,3 faizinə çata bilər. Halbuki ilkin hədəf 3,7 faiz müəyyən edilmiş, sonradan isə 5 faizə yüksəldilmişdi.

Hökumətin ilk addımlarından biri dövlət xərclərinin dondurulması olub. Yaxın vaxtlarda cari il üzrə yenilənmiş büdcə kəsiri hədəfinin açıqlanacağı gözlənilir.

Parlament 2026-cı il dövlət büdcəsinə dəyişiklikləri sentyabr ayında müzakirə etməyi planlaşdırır. Bundan sonra isə 2027-ci ilin büdcə layihəsinin müzakirəsinə başlanılacaq.

Hökumət 2030-cu ilədək Avrozonana qoşulmaq üçün tələb olunan meyarlara cavab verməyi hədəfləyir. Bu meyarlardan biri də büdcə kəsirinin ÜDM-in 3 faizindən aşağı salınmasıdır.

MONETAR.AZ