Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) ABŞ və İran arasında davam edən hərbi gərginlik fonunda aviaşirkətlərə İran, İraq və Livanın hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edib.
Agentlik bildirib ki, bu üç ölkənin hava məkanına dair yayımlanmış təhlükəsizlik bülleteni 2026-cı il avqustun 31-dək qüvvədə olacaq.
Bununla yanaşı, EASA daha əvvəl Bəhreyn, Küveyt, İsrail, İordaniya, Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı hava məkanında ehtiyatlı uçuşlarla bağlı verdiyi tövsiyəni ləğv edib. Həmin ölkələr üçün yeni təhlükəsizlik tövsiyələrinin verilib-verilməyəcəyi isə hələlik açıqlanmayıb.
Son xəbərdarlıq İranın İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ABŞ-ın Bəhreyn və Küveytdə yerləşən hərbi obyektlərinə zərbələr endirildiyinin bildirilməsindən sonra verilib. Bu hadisələr, Hörmüz boğazında baş vermiş insidentlərdən sonra ABŞ-ın İrana endirdiyi zərbələrə cavab kimi qiymətləndirilir.
ABŞ Prezidenti Donald Trump isə bəyan edib ki, Vaşinqton ya İranla razılığa gələcək, ya da hərbi əməliyyatları davam etdirəcək.
EASA qeyd edib ki, ABŞ və İran arasında əldə olunmuş atəşkəs qeyri-sabit olaraq qalır. Agentlik qərarını regionda yüksək gərginliyin və yeni hərbi əməliyyatlar riskinin davam etməsi ilə əsaslandırıb.
EASA-nın qiymətləndirməsinə görə, mövcud atəşkəs pozularsa, İranın hava məkanı birbaşa təhlükələrlə üzləşə bilər.
MONETAR.AZ