Avropa Parlamenti rəqəmsal avronun tətbiqinə yaşıl işıq yandırdı

Avropa Parlamenti rəqəmsal avronun tətbiqinə

Avropa Parlamenti rəqəmsal avronun tətbiqi ilə bağlı layihəni təsdiqləyib. MONETAR.AZ xəbər verir ki, qərardan sonra təşəbbüs yeni rəqəmsal valyutanın 2029-cu ilin yanvarında istifadəyə verilməsi planından əvvəl qurumlararası danışıqların son mərhələsinə keçib.

Məlumata görə, layihə Avropa Parlamentində 416 deputatın lehinə, 169 deputatın isə əleyhinə səs verməsi ilə qəbul olunub.

Növbəti mərhələdə Avropa İttifaqı Şurası, Avropa Parlamenti və Avropa Komissiyası layihənin yekun şərtlərini razılaşdırmalıdır. Bundan sonra Avropa Mərkəzi Bankının 2027-ci ildə rəqəmsal avro ilə bağlı məhdud sınaqlar keçirməsi nəzərdə tutulur.

Brüsselin açıqlamasına görə, rəqəmsal avronun əsas məqsədi Avropa İttifaqının maliyyə müstəqilliyini gücləndirmək və ABŞ mənşəli ödəniş sistemlərindən asılılığı azaltmaqdır.

Yeni rəqəmsal valyutanın nağd pulları əvəz etməyəcəyi, onlarla paralel istifadə olunacağı bildirilir. Bununla belə, bəzi deputatlar və məlumatların qorunması üzrə ekspertlər rəqəmsal valyutanın maliyyə nəzarəti və şəxsi məlumatların izlənməsi vasitəsinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Avropa İttifaqı son dövrlərdə ABŞ texnologiyalarından asılılığı azaltmaq istiqamətində də addımlar atır. Bu çərçivədə Avropa ölkələrində məlumat mərkəzlərinin inkişafı və yerli texnologiya şirkətlərindən istifadənin artırılması planlaşdırılır.