Çin qabaqcıl süni intellekt modellərinə çıxışı məhdudlaşdıra bilər

Çin qabaqcıl süni intellekt modellərinə çıxışı

"Reuters" agentliyinin məlumatına görə, Çin hakimiyyəti ölkənin aparıcı texnologiya şirkətləri ilə keçirdiyi görüşlərdə xarici istifadəçilərin Çində hazırlanmış ən qabaqcıl süni intellekt (Sİ) modellərinə çıxışının məhdudlaşdırılması imkanlarını müzakirə edib.

Məlumata əsasən, Çin Ticarət Nazirliyi tərəfindən təşkil olunan görüşlərdə "Alibaba", "ByteDance" və "Z.ai" startapının nümayəndələri iştirak ediblər.

Müzakirələr həm qapalı mənbə kodlu, həm də açıq mənbə kodlu (open-source) Sİ modellərini əhatə edir. Çin hakimiyyəti müəllif hüquqları ilə qorunan (proprietar) Sİ texnologiyalarının sızdırılması və ya qanunsuz əldə edilməsini milli təhlükəsizlik qanunvericiliyinin pozulması kimi qiymətləndirməyi, eyni zamanda yerli Sİ startaplarına sərmayə qoya biləcək xarici investorların dairəsini məhdudlaşdırmağı nəzərdən keçirir.

Mənbələrin sözlərinə görə, yeni qaydaların yekun parametrləri hələ müəyyənləşdirilməyib. Məhdudiyyətlərin yalnız gələcəkdə hazırlanacaq modellərə şamil olunacağı ehtimalı da istisna edilmir.

Bildirilir ki, siyasətin sərtləşdirilməsi təşəbbüsünə təsir göstərən amillərdən biri də "Anthropic" şirkətinin hazırladığı "Mythos" modeli ilə bağlı Pekinin narahatlığıdır. Çin tərəfi həmin modelin kibertəhlükəsizlik sahəsində ölkənin milli maraqlarına qarşı istifadə oluna biləcəyindən ehtiyat edir.

Bununla yanaşı, Pekin artıq "Meta" şirkətinin "Manus" adlı süni intellekt startapını təxminən 2 milyard ABŞ dollarına satın alması ilə bağlı sövdələşməyə məhdudiyyət tətbiq edib və Çin kapitallı texnologiyaların iştirak etdiyi xarici investisiyalar üzərində nəzarəti gücləndirən yeni qaydaları qüvvəyə mindirib.

May ayında keçirilən ekspert müzakirələrində isə açıq mənbə kodlu Sİ modelləri üçün çoxpilləli tənzimləmə mexanizmi təklif olunub. Bu yanaşma baza modelləri üçün sadələşdirilmiş bildiriş prosedurundan başlayaraq, yüksək risk daşıyan qabaqcıl süni intellekt modellərinin geniş ictimaiyyət üçün istifadəyə verilməsinə tam qadağa qoyulmasına qədər müxtəlif nəzarət mexanizmlərini nəzərdə tutur.

MONETAR.AZ