Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə ixtisaslaşma seçimi mərhələsinə start verilir. İxtisaslaşma seçimində 2026-cı il fevralın 15-i, mayın 17-si və iyunun 14-də keçirilmiş magistraturaya qəbul imtahanlarının (bəzi proqramlar üzrə qabiliyyət imtahanı da daxil olmaqla) nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən və seçim hüququ qazanan bakalavrlar iştirak edə bilərlər.
Namizədlər iyulun 26-sı saat 23:59-dək internet üzərindən ixtisaslaşma seçimini həyata keçirməlidirlər. Bakalavrlar imtahanın istənilən cəhdində topladıqları nəticə əsasında müsabiqədə iştirak etmək imkanına malikdirlər.
Seçim zamanı bakalavr bitirdiyi ixtisasa uyğun və seçmək hüququ olduğu maksimum 20 ixtisaslaşmanın kodunu "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləyir. Seçilən ixtisaslaşmalar qəbul cədvəlinə uyğun olmalı, bakalavrın ixtisasına, bəzi proqramlar üzrə isə xarici dil tələblərinə cavab verməlidir.
Qəbul aparılan ixtisaslaşmalar və ayrılmış plan yerləri barədə ətraflı məlumat DİM-in nəşr etdiyi "Magistr" jurnalının 4-cü nömrəsində təqdim olunub. Jurnalı DİM-in inzibati binasından, "Abituriyent" satış məntəqəsindən, kitab mağazalarından əldə etmək, həmçinin abiturient.az saytı və Wolt tətbiqi vasitəsilə sifariş etmək mümkündür. Jurnalın elektron (PDF) versiyası da abiturient.az portalında yerləşdirilib.
Dövlət İmtahan Mərkəzi vurğulayır ki, müsabiqəyə yalnız elektron ixtisaslaşma seçimi ərizəsində ixtisaslaşmaları seçərək təsdiqləmiş bakalavrlar buraxılacaqlar.