Azərbaycanda əmək bazarında çevik məşğulluq formalarının tətbiqi istiqamətində yeni addımlar atılacaq.
Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, ölkədə beynəlxalq təcrübə öyrənilərək çevik iş vaxtı rejimi modellərinin yaradılması və tətbiqi ilə bağlı normativ hüquqi baza hazırlanacaq.
Sənədə görə, ilk mərhələdə müxtəlif ölkələrin təcrübəsi araşdırılacaq, daha sonra müvafiq qanunvericilik dəyişiklikləri hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Sonrakı mərhələdə isə çevik iş rejimi modellərinin əmək bazarında tətbiqi nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, çevik iş rejimi işçilərə iş və şəxsi həyat balansını daha rahat qurmağa, işəgötürənlərə isə əmək resurslarından daha səmərəli istifadə etməyə imkan yarada bilər.
Tədbirlər Planı ümumilikdə əmək bazarının müasir çağırışlara uyğunlaşdırılması, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və məşğulluq imkanlarının artırılmasını hədəfləyir.
MONETAR.AZ