Azərbaycanda əmək bazarında peşələr və karyera imkanları barədə vahid rəqəmsal informasiya bazası yaradılacaq. Bu məqsədlə "Peşələr üzrə elektron atlas" informasiya sistemi hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Sənədə əsasən, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək. İlk mərhələdə beynəlxalq təcrübə öyrəniləcək, atlasın məzmunu və strukturu hazırlanacaq, daha sonra isə informasiya sistemi istifadəyə veriləcək.
Strategiyada qeyd edilir ki, elektron atlas istifadəyə verildikdən sonra təhsil müəssisələri, peşə təhsili mərkəzləri, işəgötürənlər və əmək bazarının digər iştirakçıları arasında geniş maarifləndirmə tədbirləri həyata keçiriləcək. İnformasiya sistemi əmək bazarında baş verən dəyişikliklərə uyğun olaraq mütəmadi yenilənəcək.
Yeni platformada müxtəlif peşələr üzrə tələb olunan bilik və bacarıqlar, əmək bazarında tələbat səviyyəsi, əməkhaqqı perspektivləri, təhsil imkanları və karyera inkişafı ilə bağlı məlumatların yer alması gözlənilir.
Hökumət hesab edir ki, bu layihə işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud peşələr barədə məlumatlılığını artıracaq, düzgün peşə seçiminə kömək edəcək və məşğulluq imkanlarının genişlənməsinə töhfə verəcək.
MONETAR.AZ