Azərbaycanda qeyri-formal məşğulluğa qarşı elektron nəzarət gücləndiriləcək

Azərbaycanda qeyri-formal məşğulluğa qarşı elektron

Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində yeni rəqəmsal nəzarət mexanizmləri tətbiq ediləcək. Bunun üçün "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatının imkanları genişləndiriləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının Tədbirlər Planında nəzərdə tutulub.

Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsi genişləndiriləcək, müxtəlif dövlət informasiya sistemlərinin inteqrasiyası təmin olunacaq.

Bununla yanaşı, qeyri-formal məşğulluğun elektron uçotunun aparılması üçün mövcud informasiya sistemləri təkmilləşdiriləcək, yeni funksionallıqlar yaradılacaq və riskəsaslı elektron audit mexanizmləri tətbiq ediləcək.

Tədbirlər Planında həmçinin işəgötürənlər arasında əmək qanunvericiliyi ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qeyri-rəsmi məşğulluğun daha çox yayıldığı sahələrin müəyyən edilməsi və həmin sahələrdə preventiv tədbirlərin gücləndirilməsi də nəzərdə tutulur.

Hökumət hesab edir ki, bu addımlar nəticəsində əmək münasibətlərinin leqallaşdırılması sürətlənəcək, əmək müqaviləsi ilə çalışanların sayı artacaq və işçilərin sosial müdafiəsi daha da güclənəcək.

MONETAR.AZ