Çində gənclər arasında işsizlik səviyyəsi iyun ayında azalma tendensiyasını davam etdirərək son bir ilin ən aşağı həddinə düşüb. Bu barədə ölkənin Milli Statistika Bürosunun açıqladığı rəsmi məlumatlarda bildirilir.
Sorğunun nəticələrinə əsasən, tələbələr istisna olmaqla, 16–24 yaş qrupunda işsizlik səviyyəsi may ayında qeydə alınan 15,6%-dən iyunda 14,9%-ə enib. Bu göstərici son 12 ayın ən aşağı səviyyəsi hesab olunur.
25–29 yaş kateqoriyasında da müsbət dinamika müşahidə edilib. Həmin yaş qrupunda işsizlik səviyyəsi maydakı 7,2%-dən 7,1%-ə geriləyib.
Şəhər ərazilərində 30–59 yaş qrupu üzrə aparılan sorğuların nəticələrinə görə isə işsizlik səviyyəsi 4,1%-dən 4,0%-ə düşüb.
Rəsmi statistika Çində əmək bazarında, xüsusilə gənclər seqmentində vəziyyətin tədricən yaxşılaşdığını göstərsə də, gənc işçi qüvvəsinin məşğulluğu ölkə iqtisadiyyatının diqqət mərkəzində qalan əsas məsələlərdən biri olaraq qalır.
MONETAR.AZ