Səyahət zamanı turistlərin seçdiyi yerləşdirmə növü onların xərclərinin yerli iqtisadiyyata nə dərəcədə töhfə verməsinə birbaşa təsir göstərir.
Monetar.az xəbər verir ki, bu barədə Travel Tech Essentialist platformasının BMT-nin Dünya Turizm Təşkilatının (UN Tourism) məlumatları əsasında hazırladığı təhlildə bildirilir.
Araşdırmaya görə, beynəlxalq hotel şəbəkələrində xərclənən hər 1 dolların orta hesabla 35 faizi yerli iqtisadiyyatda qalır. Bu vəsait əsasən əməkhaqqı ödənişləri və yerli təchizatçılardan alınan məhsullara yönəlir.
Müstəqil hotellərdə isə bu göstərici 55 faizə, qısamüddətli kirayə mənzillərdə isə 72 faizə çatır.
Ekspertlərin fikrincə, iri hotel şəbəkələrində əldə olunan gəlirin əhəmiyyətli hissəsi baş ofislərə, françayzinq ödənişlərinə və mərkəzləşdirilmiş satınalmalara yönəldiyi üçün yerli iqtisadiyyatda qalan pay nisbətən aşağı olur. Müstəqil hotellər və yerli ev sahibləri isə gəlirin daha böyük hissəsini region daxilində saxlayır. Bu da turistlərin yerli kafe, restoran, bazar və digər kiçik biznes subyektlərindən daha çox istifadə etməsinə şərait yaradır.
Təhlildə qeyd olunur ki, eyni yanaşma turizm xidmətləri, ekskursiyalar və yerli məhsulların satışına da aiddir. Yerli sahibkarlar tərəfindən təqdim olunan xidmət və məhsulların gəlirləri daha çox həmin icmalarda qalaraq iqtisadi fəallığı artırır.
Bununla yanaşı, ABŞ-ın Solt Leyk Siti şəhərində Civic Economics təşkilatının apardığı araşdırma göstərib ki, yerli mağazalardan edilən alış-veriş nəticəsində icmaya qayıdan gəlir milli pərakəndə satış şəbəkələri ilə müqayisədə təxminən dörd dəfə çoxdur.
Mütəxəssislər hesab edirlər ki, turizmin uzunmüddətli iqtisadi səmərəsi yalnız turistlərin nə qədər vəsait xərcləməsi ilə deyil, həmin vəsaitin nə qədər hissəsinin yerli iqtisadiyyatda qalması ilə müəyyən olunur.