Azərbaycanda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının gücləndirilməsi məqsədilə regionlarda yeni peşə hazırlığı mərkəzləri fəaliyyətə başlayacaq.
Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, ölkənin müxtəlif bölgələrində 6 regional peşə hazırlığı mərkəzinin yaradılması və fəaliyyətə başlaması nəzərdə tutulur.
Sənədə görə, əvvəlcə yeni mərkəzlərin yaradılacağı regionlar müəyyən ediləcək, daha sonra həmin mərkəzlər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə təlimlər təşkil edəcək.
Strategiyada həmçinin peşə təhsili müəssisələrində müasir texniki biliklər üzrə müəllimlərin hazırlanması, dual peşə təhsilinin genişləndirilməsi, "Peşələr üzrə elektron atlas" informasiya sisteminin yaradılması və əmək bazarının ehtiyaclarına uyğun yeni peşə standartlarının hazırlanması da nəzərdə tutulur.
Hökumət hesab edir ki, bu tədbirlər nəticəsində regionlarda işçi qüvvəsinin peşə bacarıqları yüksələcək, işsizliyin azalmasına və biznes subyektlərinin ixtisaslı kadr təminatının yaxşılaşmasına töhfə veriləcək.
MONETAR.AZ