Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri, eləcə də ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülər üçün 6 avqust 2026-cı il tarixində test imtahanı təşkil edəcək.
DİM-in məlumatına görə, imtahanda iştirak etmək üçün ümumilikdə 1 840 nəfər qeydiyyatdan keçib.
İmtahan Bakı şəhərində DİM-in Elektron İmtahanlar Korpusunda (Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50, TÜRKPA-nın yanı) və Naxçıvan şəhərində yerləşən 4 nömrəli tam orta məktəbdə keçiriləcək.
İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunacaq və hər iştirakçı üçün 1 saat davam edəcək. Namizədlər imtahanı başa vurduqdan dərhal sonra nəticələri ilə tanış ola biləcəklər. Nəticələr daha sonra DİM-in rəsmi internet səhifəsində də yerləşdiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in elektron xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələn şəxslər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya məlumatlar arasında uyğunsuzluq aşkar edildikdə namizəd imtahana buraxılmayacaq.
Taksi minik avtomobili sürücüləri üçün imtahanda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 15, etik davranış qaydalarına dair isə 5 olmaqla, ümumilikdə 20 test tapşırığı təqdim ediləcək.
Ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülər üçün isə peşə fəaliyyəti və davranış qaydaları, iş və istirahət rejiminin xüsusiyyətləri, həmçinin sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktları əhatə edən 20 test tapşırığı veriləcək.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticəsinə təsir etməyəcək. 10 və daha çox bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab olunacaq və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
DİM iştirakçılara imtahandan əvvəl "Yaddaş kitabçası" ilə tanış olmağı tövsiyə edir.