Azərbaycanda yaşıl iqtisadiyyata keçid çərçivəsində əmək bazarının yeni tələblərinə uyğun kadr hazırlığı gücləndiriləcək. Bu məqsədlə yeni peşə hazırlığı proqramları hazırlanacaq və mövcud proqramlar yenilənəcək.
Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planında qeyd olunub.
Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi "yaşıl iqtisadiyyat"a keçidin tələblərinə uyğun yeni peşə hazırlığı proqramları hazırlayacaq. Eyni zamanda, hazırda tətbiq olunan proqramların məzmununa yenidən baxılacaq.
Yeni proqramlar bərpa olunan enerji, enerji səmərəliliyi, ekoloji idarəetmə, tullantıların emalı, yaşıl tikinti, ekoloji kənd təsərrüfatı və digər perspektivli sahələr üzrə müasir bacarıqların formalaşdırılmasına yönələcək.
Strategiyada vurğulanır ki, bu tədbirlərin əsas məqsədi ölkədə yaşıl iqtisadiyyatın inkişafı üçün zəruri bilik və bacarıqlara malik ixtisaslı kadr ehtiyatının yaradılmasıdır.
Sənəddə ümumilikdə əmək bazarının gələcək tələblərinə uyğun peşə təhsili proqramlarının hazırlanması, sənayeyönümlü ixtisasların genişləndirilməsi və əmək bazarında rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması da əsas prioritetlərdən biri kimi müəyyən edilib.
MONETAR.AZ