Azərbaycanda alüminium sənayesinin inkişafı çərçivəsində yeni kalsinasiya və anodbişirmə zavodunun tikintisi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Sənədə əsasən, Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanacaq texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq layihənin maliyyələşmə mənbələri müəyyən ediləcək. Daha sonra aidiyyəti dövlət orqanları və qurumları ilə birgə kalsinasiya və anodbişirmə zavodunun tikintisinin həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət Proqramında Gəncə şəhərində fəaliyyət göstərən “Azəralüminum” MMC-nin elektroliz zavodunun layihəsinin tamamlanması və müəssisənin istehsal gücünün artırılması da nəzərdə tutulub.
Bununla yanaşı, alüminium yayma məhsullarının istehsalı üzrə yeni layihə çərçivəsində istehsal güclərinin genişləndirilməsi planlaşdırılır. Sənəddə alüminiumun dərin emalı üzrə prioritet məhsulların müəyyənləşdirilməsi, həmin məhsulların digər sənaye sahələrində xammal və yarımfabrikat kimi istifadə imkanlarının araşdırılması, eləcə də özəl sektor tərəfindən bu istiqamətdə təqdim olunan layihələrin təşviqi nəzərdə tutulur.
Proqrama əsasən, Zəylik-Alunit yataqlarında alunitin sənaye məqsədləri ilə istifadəsi, eləcə də bu xammaldan alüminium oksidi və alüminium istehsalının mümkünlüyü qiymətləndiriləcək.
Eyni zamanda, özəl sektor tərəfindən illik istehsal gücü təxminən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin yaradılması imkanları araşdırılacaq.
Beləliklə, 2027–2030-cu illər üzrə dövlət proqramı çərçivəsində Azərbaycanda alüminium istehsalının genişləndirilməsi ilə yanaşı, xammalın daha dərindən emalına və sənaye zəncirinin müxtəlif mərhələlərinin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi planlaşdırılır.