"Bloomberg" agentliyinin məlumatına görə, Rusiya və Ukrayna Qara və Azov dənizlərində ticarət gəmiləri və limanlara hücumları intensivləşdiriblər. Bu vəziyyət taxıl ixracını təhlükə altına salaraq dünya bazarında buğda qiymətlərini son iki ilin ən yüksək səviyyəsinə çatdırıb. Eyni zamanda qarğıdalı və rapsın da qiymətində artım qeydə alınıb.
Hazırkı vəziyyət hələ 2022-ci ildəki böhran miqyasına çatmasa da, aqrar sektor üçün olduqca çətin dövrə təsadüf edir. İranla bağlı gərginlik fonunda Hörmüz boğazının bağlanması gübrə və digər kənd təsərrüfatı resurslarının tədarükünü risk altına salır, Avropadakı anomal istilər məhsuldarlığa mənfi təsir göstərir, yaxınlaşan "El Niño" fenomeni isə yeni itkilər ehtimalını artırır.
Son aylarda Rusiya və Ukrayna limanlar və infrastruktur obyektlərinə qarşı zərbələri gücləndiriblər. Qara dəniz dünya üzrə buğda, qarğıdalı və günəbaxan yağı ixracının əsas marşrutlarından biridir. Ukrayna limanları xüsusilə Afrika, Yaxın Şərq və Asiya ölkələrinin taxıl təchizatında mühüm rol oynayır.
"Kpler" analitik şirkətinin məlumatına görə, Rusiya dünyanın ən böyük buğda ixracatçısıdır və qlobal ixracın təxminən hər altı tonundan biri bu ölkənin payına düşür. Rusiya dəniz yolu ilə ixrac etdiyi buğdanın təxminən üçdə birini isə Azov dənizi vasitəsilə göndərir.
"Kpler"in dənli və yağlı bitkilər üzrə analitiki Mett Darrah bildirib ki, Qara dəniz buğdası adətən dünya bazarında ən əlverişli qiymətə satılan məhsullardan biridir. Onun sözlərinə görə, qiymət artımı qiymətə həssas ölkələri ya idxalı azaltmağa, ya da daha yüksək qiymətlə alış etməyə məcbur edəcək ki, bu da qlobal ərzaq inflyasiyasını sürətləndirə bilər.
Hazırda dünya ərzaq qiymətləri 2023-cü ildən bəri ən yüksək səviyyədə olsa da, 2022-ci ildə müharibənin başlanğıcında müşahidə olunan rekord göstəricilərdən hələ də aşağıdır. Son illərdə yüksək məhsuldarlıq hesabına formalaşan ehtiyatlar bazarı qismən tarazlaşdırır, Rumıniya, Bolqarıstan və Serbiya isə alternativ ixracatçılar kimi çıxış edirlər.
Bununla belə, bazardakı risklər artır. Neft emalı zavodlarına edilən hücumlar Rusiyada dizel yanacağının əlçatanlığını azalda bilər. Hörmüz boğazındakı fasilələr bir sıra ölkələrdə gübrə və yanacaq tədarükünü çətinləşdirir. Eyni zamanda Avropadakı isti hava dalğaları, ABŞ-da quraqlıq və "El Niño"nun yenidən güclənməsi kənd təsərrüfatı istehsalına əlavə təzyiq yaradaraq ərzaq qiymətlərinin daha da bahalaşması riskini artırır.
MONETAR.AZ