Daşkəsəndə aqroturizm və aqrar biznes festivalı keçirilib

Daşkəsəndə aqroturizm və aqrar biznes

Daşkəsən rayonunda Aqroturizm və Aqrar Biznes Festivalı təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbir dövlət qurumları və tərəfdaşların dəstəyi ilə Gənclərin Təlim və İstirahət Mərkəzində baş tutub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, festivalın əsas məqsədi aqrar sahədə fəaliyyət göstərən dövlət qurumları, özəl sektor və fermerlər arasında əməkdaşlığın gücləndirilməsi, innovativ kənd təsərrüfatı həllərinin təşviqi, Daşkəsənin aqroturizm potensialının tanıdılması və yerli istehsalçıların məhsullarının daha geniş auditoriyaya təqdim edilməsi olub.

Festival çərçivəsində nazirliyin tabeliyində olan qurumlar və aqrar sahədə fəaliyyət göstərən şirkətlər stendlərlə təmsil olunub. Burada müasir kənd təsərrüfatı texnologiyaları, məhsul və xidmətlər nümayiş etdirilib, fermerlərə subsidiyalar, aqrar sığorta, güzəştli maliyyələşmə alətləri və digər dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalının inkişafına dair Dövlət Proqramının prioritet istiqamətlərini əks etdirən təqdimatlar nümayiş olunub. İştirakçılara proqram çərçivəsində nəzərdə tutulan hədəflər və dəstək mexanizmləri barədə geniş məlumat təqdim edilib.

Festivalın ən maraqlı hissələrindən biri yerli məhsulların sərgi-satışı olub. Burada bal, süd məhsulları, meyvə-tərəvəz, əl işləri, xalq sənətkarlığı nümunələri və digər kənd təsərrüfatı məhsulları nümayiş etdirilib. Ziyarətçilər həmçinin milli mətbəx nümunələri ilə tanış olmaq imkanı əldə ediblər.

Bununla yanaşı, festival proqramına idman yarışları, uşaqlar üçün əyləncə zonaları və STEAM layihələrinin təqdimatları da daxil edilib. Gün ərzində müxtəlif əyləncə proqramları təşkil olunub, tədbir isə konsert proqramı ilə yekunlaşıb.