Azərbaycanda yazlıq bitkilərin əkin sahəsi 1,8% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyulun 1-nə ölkədə yazlıq kənd təsərrüfatı bitkilərinin əkini başa çatıb. Hesabat dövründə ümumilikdə 378,4 min hektar sahədə yazlıq bitkilər əkilib.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,8% çoxdur. Ötən ilin yanvar-iyun aylarında yazlıq bitkilərin əkin sahəsi 371,5 min hektar təşkil edib.
Əkin sahələrinin strukturunda ən böyük artım yemlik bitkilər üzrə qeydə alınıb. Belə ki, 2026-cı ildə 66 975,7 hektar sahədə yemlik bitkilər əkilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4% çoxdur.
Dənli və dənli paxlalı bitkilərin əkin sahəsi də artıb. Hesabat dövründə bu bitkilər 75 807,5 hektar sahədə əkilib və illik müqayisədə 6,3% artım qeydə alınıb.
Sair yazlıq bitkilərin əkin sahəsi 945,1 hektar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34,6% artıb.
Digər tərəfdən, bəzi bitki növləri üzrə əkin sahələrində azalma müşahidə olunub. Texniki bitkilərin əkin sahəsi 115 605 hektar təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 6,9% azdır.
Kartof əkini 44 543,3 hektar sahəni əhatə edib və illik müqayisədə 0,8% azalıb.
Tərəvəz əkinləri 58 236,5 hektar təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% aşağı düşüb.
Bostan bitkilərinin əkin sahəsi isə 16 275,7 hektar olub və 2025-ci illə müqayisədə 7,3% azalıb.
MONETAR.AZ